"Biz Rusiyanı əvəz etmək istəmirik, biz səyləri tamamlamaq istəyirik. Hesab edirəm ki, Avropa İttifaqı burada öz missiyasını gücləndirməlidir".
"Unikal" xəbər verir ki, bunu İrəvana səfəri zamanı Ermənistanın İctimai Televiziyasına müsahibəsində NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen deyib.
"Mən həm Ermənistanın, həm də Azərbaycanın razılaşacağı uzunmüddətli və hərtərəfli sülhə gətirib çıxaracaq müqavilənin tərəfdarıyam, belə bir müqavilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini də təmin etməlidir. Mən Ermənistan-Türkiyə münasibətlərinin normallaşacağına ümid edirəm. Sərhədin bağlı qalmasının Türkiyənin maraqlarına uyğun olduğunu düşünmürəm. Ermənistan zəlzələdən sonra yardım göndərməklə çox mühüm addım atıb", - deyə o bildirib.
Rasmussen, həmçinin vurğulayıb ki, Ermənistanın KTMT-nin üzvü olmasında heç bir problem yoxdur: "Ermənistanın KTMT-yə üzv olması bizim əməkdaşlığımıza mane olmur. Təbii ki, gizlətməyəcəyəm, bəzi hədləri buna görə keçə bilmərik, çünki Ermənistan KTMT-nin üzvüdür, amma mən burada Ermənistanı KTMT-dən çıxmağa çağırmaq fikrində deyiləm. Bu, Ermənistanın daxili işi və qərarıdır".
Hərbi alyansın keçmiş baş katibi NATO-nun müharibədəki iştirakından da danışıb: "NATO-nun Azərbaycanla Ermənistan arasındakı müharibədə heç bir iştirakı olmayıb. Türkiyənin Azərbaycanı dəstəkləməsi NATO-nun iştirak etməsi demək deyil, bu, Türkiyənin fərdi iştirakıdır. Türkiyənin bu davranışını başqa yerlərdə də görürük. Məsələn, Suriyada, yaxud Rusiyadan silah alınması mövzusunda. Bizim Türkiyə ilə bağlı müəyyən çətinliklərimiz var. Türkiyənin Azərbaycana dəstək verməsi NATO-nun qərarı deyil".
O, Ermənistanın Qarabağa Rusiya sülhməramlılarını əvəzləyəcək beynəlxalq mandata malik yeni missiya yerləşdirilməsi arzularına da münasibət bildirib: "Bütün tərəflərin götürdüyü öhdəliklərə əməl olunmasına nəzarət edəcək beynəlxalq sülhməramlı kontingent üçün mexanizm olmalıdır. Təbii ki, beynəlxalq mandata malik missiyanın tərkibində Rusiya olmalıdır, Rusiyanın iştirakı olmadan belə bir mandatı əldə etmək çətindir. Birincisi, Rusiya sülhməramlıları artıq buradadır, ikincisi, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bizə Rusiyanın fəal iştirakını nəzərdə tutan BMT mandatı lazımdır".
Qeyd edək ki, Rasmussen Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanın maraqlarına uyğun olmayan bir sıra fikirlər səsləndirib.