İçməli su təchizatı və tullantı su sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər davam etdirilir. Magistral və şəbəkə su xətlərinin normal istismarını təmin etmək, həmçinin gələcəkdə baş verə biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə təlimlər keçirilir.
"Unikal" xəbər verir ki, Binəqədi rayonunda keçirilən təlimdə içməli və tullantı su şəbəkələrində qəza-bərpa işlərinin aparılması qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.
Təlim iştirakçıları qəza halları zamanı texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi, tikinti normalarının tələblərinin gözlənilməsi, nəqliyyatın və piyadaların hərəkətində maneələrin qarşısının alınması, icra intizamının, səmərəliliyin yüksəldilməsi barədə məlumatlandırılıb. Qeyd olunub ki, təlimdə qazanılan bilik və təcrübə işlərin operativ və yüksək peşəkarlıqla icra etməyə imkan verəcək.
Qəza-bərpa işləri üzrə təlimlər mütəmadi davam etdiriləcək və regionlarda da təşkil olunacaq.