"Xahiş edirəm, bizim müraciətlərə diqqətlə yanaşsınlar. Biz əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən tədbirlərdən çox danışırıq. Bu sahədə müəyyən islahatlar aparılır. Başa düşmürük, necə olur ki, ildən-ilə əhalinin narazılığı azalmaqdansa, artır",
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, işsizlik, sosial yardımların düzgün bölünməməsi, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış vəsaitlərin oğurlanması və s. üzdə olan problemlərdir:
"Təqaüd və maaşların artırılması ilə bağlı fikir səsləndiriləndən sonra bazarlarda kim necə istəyir, o qiymətidə qoyur. Bu, azad bazar siyasəti deyil, özbaşınalıqdır, millətin həyatı və əsəbləri ilə oynamaqdır. Bəzi vəzifə sahibləri özlərindən əvvəlki qoçu qardaşlarının taleyi haqqında düşünmürlər. Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir".
S.Rüstəmxanlı qeyd edib ki, illər uzunu ana dilinin sıxışdırılmasından danışılır: "Şəhərə çıxanda çevrənizdə başqa dillərdə danışanların ildən-ilə artdığını görəndə özünüzə sual verin, biz hansı ölkədə yaşayırıq? Bakıda birinci sinif rus məktəblərinə gedən uşaqların sayı artır. Deyəcəksiniz ki, vətəndaş seçimində sərbəstdir. Unutmayın ki, bugünkü sərbəstliyin altında sabahkı separatizm, milli hökumətə sayqısızlıq, ölkənin özgələşməsi dayanır".
Anar Kəlbiyev