22 mart “Dünya Su Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Dəniz Mall” ticarət və əyləncə mərkəzində suyun əhəmiyyəti və mühafizəsinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd su resurslarından səmərəli istifadə və su ekosistemlərinin mühafizəsi məsələlərinə uşaqların, o cümlədən ictimaiyyətin diqqətini artırmaq olub.
Tədbir zamanı iştirakçılarla suyun həyati əhəmiyyəti, suya qənaət edilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda, iştirakçılar su mənbələri, sudan səmərəli istifadə yolları ilə bağlı suallara cavab verərək ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif kitablar əldə ediblər.
Tədbirdə iştirak edən daha kiçik yaşlı uşaqlar isə su ilə bağlı rəsmlər çəkərək suyun əhəmiyyətinə diqqəti yönəldiblər, məişətdə suya qənaət yolları barədə fikirlərini bölüşərək müxtəlif kitablar hədiyyə alıblar.
Unutmayaq ki, su gələcək nəsillərə verə biləcəyimiz ən gözəl mirasdır. Onu qoruyaq, su itkilərinə yol verməyək!