BMT rəsmiləri və mütəxəsislər Azərbaycanın bu beynəlxalq təşkilatın Su Konfransının nəticələrinə töhfə vermək üçün region ölkələrini bir platformada birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərmək təşəbbüsünü yüksək qiymətləndiriblər.
"Unikal" xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında Su Konfransı çərçivəsində Azəbaycanın ev sahibliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının, ABŞ-ın nüfuzlu Arizona Dövlət Universitetinin təşkilatçılığı ilə "Azərbaycanda transformativ tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı tərəflərin iştirakı və innovasiyanın tətbiqi" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda DİM ilə bağlı görülmüş işlər barədə məlumat verib və bu məqsədlərə nail olmaqda qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir bildirib ki, su ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək və su çatışmazlığının qarşısını almaq üçün Azərbaycan 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə uyğun olaraq milli su siyasətini formalaşdırıb: "Azərbaycan aşağı axın ölkəsi olmaqla çox böyük ekoloji təsirlərlə üzləşir. Biz beynəlxalq təşkilatları yuxarı axında yerləşən dövlətləri BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasını ratifikasiya etməyə və transsərhəd su ehtiyatlarından bərabər və məsuliyyətli istifadə ilə bağlı ümumi öhdəliklər götürməyə təşviq etməyə çağırırıq".
Tədbirdə bir çox ölkələrin (Moldova, Özbəkistan, Qırğızıstan, Belarus, Türkmənistan, Türkiyə) Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri rəsmilərinin və su sahəsində ixtisaslaşmiş özəl şirkətlərin təmsilçilərinin, eləcə də, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı və Beynəlxalq Miqrasiya Təşkilatlarının nümayəndələrinin, ABŞ-ın Arizona Dövlət Universitetinin mütəxəsisslərinin DİM ilə bağlı çıxışları dinlənilib, fikir mübadiləsi və müzakirələr aparılıb.