Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirini 2 medalla başa vurublar.
"Unikal" xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü - Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.
90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.
100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Amma rəqib finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar. Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.