"28 iyul 2022-ci il tarixdə elm sahəsində tənzimləmə və idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin əlaqələndirilməsilə bağlı Prezident fərmanı imzalanıb. Bu fərman əsasında Elm və Təhsil Nazirliyi yaradılıb və AMEA tabeliyində olan elmi müəssisə və təşkilatların, elmi-xidmət qurumlarının bir çoxu bu Nazirliyin tabeliyinə keçirilib".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu fərman əsasında Nazirlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılıb:
"Maraqlıdır ki, hökumət indiyədək bu Agentliyi formalaşdıra bilməyib. Hansı ki, adı çəkilən fərman əsasında Nazirlər Kabineti 3 ay müddətində Nazirliyin yeni əsasnaməsini və strukturunu, həmçinin Agentliyin əsasnamələrini hazırlamalı idi. Elmi müəssisələrin gələcək taleyi müəyyənləşməliydi. Elm və Təhsil Nazirliyi AMEA-dan ayrılan elmi müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamalıydı. Fərmanda bu məqsədlə nəzərdə tutulan müddət başa çatsa da, hələlik nə qeyd olunan Agentlik fəaliyyətə başlamayıb, nə də Nazirliyin tabeliyinə verilən elmi müəssisələrin gələcək fəaliyyətinə aydınlıq gətirilməyib. Görünür ki, bu sahədə hökümətdə fikir ayrılıqları var və hələlik oturuşmuş bir baxışlar formalaşmayıb.
Elmi tədqiqatlar və innovasiyalar sahəsində müəyyən işlər görülsə də , uzun illərdən bəri öz həllini gözləyən xeyli problemlər var. Beynəlxalq statistika və reytinqlər də bunu göstərir. Ümid edək tezliklə Agentliyin formalaşması baş tutacaq".
Seymur Əli