“İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

"Unikal" xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Kohen jurnalistlərə açıqlamasında deyib.

“Bu gün əlaqələrimizdə vacib gündür. Mən deyərdim ki, tarixi gündür. Bizim Azərbaycanla vacib strateji əlaqələrimiz var. Mən şəxsən apreldə Bakıya səfər edəcəm, hökumətlərarası komissiyanın iclasına sədrlik edəcəm. Düşünürəm ki, münasibətlərimizi daha da gücləndirmək üçün geniş potensial var”, - deyə nazir qeyd edib.

Eli Kohen İsrail hökuməti və xalqı adından əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icmasına münasibətə görə təşəkkür edib.


“Bu gün biz Azərbaycanda doğulmuş yəhudi icmasının üzvlərinin qürurla iki ölkənin bayrağını sinələrinə taxdığına şahid oldum. Biz iki ölkə olaraq ortaq məqamları paylaşırıq, eyni zamanda İran təhdidi ilə üzləşirik. İran regionda və qlobal səviyyədə qeyri-stabillik yaradan faktordur”, - deyə Eli Kohen qeyd edib.

Nazirin sözlərinə görə, bütün bu məsələlərdə müxtəlif aspektlər üzərində iş aparılmalıdır.

“Aprelin ortasında Bakıya gedəcəyəm və böyük iqtisadi nümayəndə heyəti məni müşaiyət edəcək. Onlar kibertəhlükəsizlik, kənd təssərüfatı, innovasiyalar sahəsində olan nümayəndəliklərdir. Biz hər zaman vurğulamışıq ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, -deyə xarici işlər naziri qeyd edib.