Bakıda saxlanılan şəxsdə silah-sursat aşkarlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Əbdüləli Əbdülov saxlanılıb.
Araşdırmalarla onun odlu silahı torpağa basdıraraq gizlətdiyi müəyyən olunub.
Davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun qəsəbə ərazisindəki Ləhic bağlarında torpağa basdıraraq gizlətdiyi nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı və içərisində 23 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.