Bu gün Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, ziyalılar, ağsaqqallar, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edibılər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda video çarx nümayiş olunub.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Dünya Azərbaycanlılarının I qurultayında Azərbaycançılığın mahiyyətini məhz bu cür ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdır. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı. Azərbaycançılıq ideologiyası istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşmışdır.
1993-cü ilin iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Ulu öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
Heydər Əliyev siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən də azərbaycançılıq uğurla davam etdirilir. Möhtərəm prezidentimizin sərəncamı ilə latın qrafikalı kitabların nəşri, yeni məktəblərin tikintisi, onların kompuyuterlə və internetlə bağlılığı, elm və təhsil işçilərinə qayğı, mədəniyyətimizə, tariximizə, söz dünyamıza göstərdiyi ehtiramlar azərbaycançılıq ideyalarının daha da möhkəmlənməsinə xidmət edir.
Tədbirdə ziyalılar Razim Əliyev, Gülrəng Cümşüdova, əməkdar müəllimlər Ədalət Əsədov və Şamama Həsənova məruzə ilə çıxış etdilər. Qeyd olundu ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Həmçinin çıxış edənlər Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyətini vurğulayaraq qeyd etdilər ki, azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olan bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqazda xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.
Tədbirdə yekun olaraq qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyev ağıllı, bilikli, güclü, öz dövlətini sevən, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacaran, milli adət-ənənələrinə sadiq olan, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənən, eyni zamanda, bəşəri dəyərləri mənimsəyən bir gənclik yetişdirmək istəyirdi. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində belə bir nəsil yetişdi 2020-ci ildə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bütün Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı.
Bu tarixi Zəfər Prezident İlham Əliyevin müdrik siyasəti, güclü iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli Ordumuzun misilsiz şücayəti və Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Torpaqlarımızı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu.