Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan və Qazaxıstana səfər edib. Səfər çərçivəsində Daşkənd Dövlət Nəqliyyat, Milli Tədqiqat Universiteti “Daşkənd Kənd Təsərrüfatı İrriqasiya və Mexanizasiya Mühəndisləri İnstitutu”, Beynəlxalq Türk Dövlətləri Universiteti, Asiya Texnologiyalar Universiteti və Korkut Ata Kızılorda Universitetlərində görüşlər keçirib.

"Unikal" xəbər verir ki, universitetlərdə keçirilən görüşlər zamanı AzTU-nun fəaliyyəti, təhsil və elmi-tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları, sənaye ilə inteqrasiya mexanizmləri, innovasiya ekosistemi və gələcək tərəfdaşlıq perspektivləri barədə məlumatlar verilib.

Görüşlər çərçivəsində universitetlər arasında telekommunikasiya, energetika, materialşünaslıq, İT, iqtisadiyyat və dayanıqlı inkişaf sahələrində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik mübadilə proqramlarının təşkili, ikili diplom proqramları, mühəndis kadrların hazırlanması, innovasiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də müvafiq sahələr üzrə qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub.

AzTU nümayəndə heyəti səfər zamanı universitetlərin muzeyləri, elmi-tədqiqat laboratoriyaları, innovasiya mərkəzləri və müasir tədris infrastrukturu ilə də tanış olub.

Qeyd edək ki, nümayəndə heyətində AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov və iqtisadi məsələlər üzrə müşavir Naib Hacıyev təmsil olunub.