Azərbaycandakı «alkapon biznesi»nin təhlükəli pərdəarxası
12:49 15-03-2013
İQTİSADİYYAT
Bəzi məmurlar üçün yaxşı gəlir qaynağı olan bu inşaat materialı hansı fəsadlara yol açır?
Son vaxtlar Azərbaycanda yaşayış və ofis binalarının fasadlarına alkapon üzlüklərin çəkilməsi geniş yayılıb. Halbuki bu inşaat materialı həm yanğın, həm də sağlamlıq baxımından təhlükəlidir.
Bəzi iddialara görə, alkapon biznesinin arxasında güclü əl və ya əllər olduğundan bu inşaat materialından istifadə geniş yayılıb. Yəni bununla kiminsə biznesinin «xod» getməsi təmin olunur.
Amma alkaponun həm sağlamlığa təhlükə yaratması, həm də yanğına qarşı həssaslığı təhlükələrə yol açır. Bu barədə danışanlar konkret faktlar da göstərirlər. Məsələn, bu ilin fevral ayında «Binə» ticarət mərkəzində güclü yanğın baş vermiş, həmin yanğın hadisəsindən bir qədər sonra yayılan rəsmi açıqlamada bildirilmişdi ki, ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) şüşə-alkapon konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları yanıb.
Eyni zamanda təzəlikcə Sumqayıtda baş verən yanğın hadisəsində də binanın üzərinə alkapon çəkilməsi maraq doğurur.
Ekspertlər də bildirirlər ki, alkapon örtüklər oda qarşı həddən artıq həssasdırlar, qısa müddətdə alışır və alovlanır, yanğının qarşısıalınmaz məcraya yönəldə bilir.
Bütün bunlara rəğmən, ölkəboyu alkapon konstruksiyalardan istifadə çox geniş yayılıb və yuxarıda da qeyd etdiyimiz kimi, görünür bunda məqsəd kimlərinsə «bazar»ını çiçəkləndirməkdir.
Məsələn, bir müddət əvvəl mətbuatda yazılırdı ki, indi Sumqayıta rəhbərlik edən Eldar Əzizovun hələ Gəncənin icra başçısı olduğu vaxtlardan alkapon sexi olub və həmin vaxt Gəncədəki sahibkarlar bu sexin istehsalı olan materialları məcburi alaraq obyektlərinin üzünə örtmək məcburiyyətində imiş.
Keçən il isə bəzi KİV-lər yazırdılar ki, eyni ssenari bu dəfə Sumqayıtda həyata keçirilir, orada sahibkarlar icra başçısına məxsus şirkətdən alkapon almaq məcburiyyətindədirlər. Sahibkarlar iddia edirdilər ki, obyektlərini alkaponlaşdırmaq onlara ölçüsündən asılı olaraq 5-15 min manata başa gəlir.
Araşdırmalarımız zamanı onu da müəyyənləşdirdik ki, alkapon metal tərkibli tikinti materialıdır. Lakin bu materialların inzibati binalara vurulması düzgün deyil. Çünki inzibati binalara həm dekorativ, həm də sağlamlıq nöqteyi-nəzərindən alkaponların vurulması mənfi təsir göstərir. Alkapon metal tərkibli olduğu üçün onda müəyyən qədər radioaktivlik var. İsti, günəş şüaları alkopana pis təsir göstərir. Alkapon vurularkən havanın izolyasiyası istənilən səviyyədə olmur. Bu material həm də səs ötürəndir. Qısa bir vaxt keçəndən sonra onun dekorativ xüsusiyyətləri də itir. Mütəxəssislər hesab edirlər ki, onu sənayedə istifadə etmək olar. Lakin inzibati binalarda, yaşayış məntəqələrində, məktəb, baxçaların tikintisində istifadə etmək məsləhət deyil.
«Alkapon biznesi» haqqında öyrəndiyimiz başqa bir məqam hazırda Azərbaycan bazarlarında Çin məhsulu olan alkaponların tüğyan etməsidir. Görünür, kimlərsə bundan külli miqdarda gəlir əldə edirlər, amma ekspertlərin rəyinə görə, Çin istehsalı olan alkaponların təhlükəlilik dərəcəsi daha yüksəkdir.
Qısası, alkapon hesabına kimlərinsə cibi dolur, amma bunun gələcək fəsadlarını heç kim nəzərə almaq istəmir.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00