Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda universitetin Təsviri incəsənət kafedrasının əməkdar müəllimi, rəssam Yaşar Səmədovun fərdi yaradıcılıq sərgisi açılıb.
"Unikal" xəbər verir ki, sərgidə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Yaşar Səmədovun ömrünün çox hissəsini universitetdə keçirdiyini, qüvvəsini, enerjisini, istedadını gənc memarların yetişməsinə həsr etdiyini söyləyib. Rektor qeyd edib ki, Yaşar Səmədov bu illər ərzində özünün şəxsiyyəti, insanlara münasibəti ilə bütün kollektivin dərin hörmətini, məhəbbətini qazanıb.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və fakültənin dekan müavini, rəssam Həsən Həsənov da çıxışlarında Yaşar Səmədov yaradıcılığını yüksək qiymətləndiriblər.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dostu Yaşar Səmədov şəxsiyyəti və yaradıcılığından danışarkən rəsm əsərlərinin bir-birindən üslub və rəngarəngliyi ilə seçildiyini bildirib. Əsərlərində hər bir janra uyğun kompozisiyasının mövcudluğu, məzmun və quruluş xüsusiyyətləri ilə insanı düşündürməyi bacaran, bu hadisələrə biganə qalmayan rəssam təxəyyülünün şahidi olduğunu vurğulayıb.
Sonda Yaşar Səmədov səmimi sözlərə, təbriklərə görə bütün çıxış edənlərə, sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib, tədbir iştirakçıları Yaşar Səmədovun rəsm əsərləri ilə yaxından tanış olublar. Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, boyakarlıq və qrafika üslubunda işlənmiş əl işləri təqdim edilib. İncəsənət nümunələrində Azərbaycanın əsrarəngiz təbiəti, mənəvi dəyərləri güclü rəng çalarları ilə, böyük ustalıqla təsvir olunub. Qrafika ustası Yaşar Səmədovun Təbriz və Qarabağ ünvanlı əsərləri hər kəsin zövqünü oxşayıb.
Əl işləri barədə rektoru və qonaqları məlumatlandıran Yaşar Səmədov rəsmlərin işlənmə texnikası və texnologiyası barədə geniş informasiya verib. Sərgi aprelin 30-na qədər davam edəcək.
Qeyd edək ki, təsviri sənət üzrə Əməkdar müəllim Yaşar Hüseyn oğlu Səmədov 1950-ci ildə Bakıda anadan olub. 1970-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-ci ildən FEKO Beynəlxalq Karikatura federasiyasının üzvüdür. 14 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb.