Avropa İttifaqı (Aİ) tezliklə bir sıra Moldova oliqarxlarına qarşı sanksiyalar tətbiq edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "EUobserver" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sanksiya siyahısına müxalif rusmeyilli Şor partiyasının lideri İlan Şor və Moldova parlamentinin keçmiş deputatı Vladimir Plaxotnuk (hər ikisi Moldovadan kənarda yaşayır) daxil ola bilər.
İlan Şor İsraildə yaşayır, eyni zamanda Moldova parlamentində təmsil olunan müxalif Şor partiyasının lideridir. Aprelin 13-də Moldova məhkəməsi onu ölkə banklarından 1 milyard dollar çıxarmaq üçün qanunsuz sxem təşkil etdiyinə görə qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
Vladimir Plaxotnuk əvvəllər Moldova Demokratik Partiyasının lideri və üç çağırış ölkə parlamentinin deputatı olub. 2016-cı ilin iyulunda Plaxotnukun adı respublika bankları vasitəsilə 23 milyard dollardan çox Rusiya mənşəli pulların yuyulması ilə bağlı xəbərlərdə hallanıb.