Hacıbala Abutalıbova Avropa Məhkəməsindən şok zərbə
02:52 07-04-2012
İQTİSADİYYAT
Hacıbala Abutalıbova Avropa
Məhkəməsindən şok zərbə
"Faber" firması Bakı merinə savaş elan etdi və qazandı, amma…
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun başı yenə qalmaqaldadır. Paytaxt merinin növbəti qanunsuz əməlinə görə Avropa Məhkəməsi hüquqi qiymət verib və onu cəzalandırıb.
Bu barədə redaksiyamıza daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 iyul 2000-ci il tarixli sərəncamına əsasən, Nizami rayonunda Heydər Əliyev (keçmiş Moskva) prospekti, 2006-cı məhəllədə 0.4 hektar torpaq sahəsi "Audi" maşınlarının sərgisini, satışını və təmirini təşkil etmək üçün "Faber" Firmasına ayrılıb.
"Faber" Firması Bakı Şəhər İcra Hakimiyyəti "Bakı şəhər ekspertiza mərkəzi"nin 22 iyul 2002-ci il tarixli 21-E saylı rəyini aldıqdan sonra, icarəyə götürdüyü torpaq sahəsində, təyinatı üzrə, müvafiq tikinti-abadlıq işlərinin görülməsinə başlayıb və həmin ərazinin tənzimlənməsi, hamarlanması, hasara alınması, tikililərin özüllərinin qoyulması və s. işlərə külli miqdarda vəsait xərcləyib; Azərbaycan Beynəlxalq Bankından 51.000 ABŞ dolları məbləğində 18%-lik krediti alıb.
2002-ci ilin avqust ayında Heydər Əliyev prospekti ilə hərəkət edən Bakı meri H.Abdutalıbov həmin torpaq sahəsində abadlıq-tikinti işlərinin aparıldığını görüb orada işlərin dayandırılmasına və aparılmış tikintilərin dərhal sökülməsinə dair göstəriş verib və elə həmin gün də onun göstərişi yerinə yetirilib. Bu hadisə Firmanın təsisçisi Sabir Cəfərovun əsəb sarsıntıları keçirməsinə və xəstələnməsinə səbəb olub. Uzun müddətə müalicə almalı olub.
Abutalıbov isə heç nəyə əhəmiyyət vermədən məlum sərəncamı ləğv edib.
"Faber" Firması Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının həmin sərəncamının qanunsuz sayılması tələbi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edib. Həmin Məhkəmənin 10 avqust 2005-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ləğv edilib və Firmanın torpaq sahəsi üzərində istifadə hüququ bərpa edilib. Həmin qətnamədən verilən şikayətləri yuxarı məhkəmələr rədd etdikdən sonra qanuni qüvvəyə minib və İqtisad Məhkəməsinin 05 yanvar 2006-ci il tarixli icra vərəqəsinə əsasən icraya yönəldilib.
Nizami Rayon Məhkəməsinin 01 mart 2006-cı il tarixli qərarı ilə Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Sahib Qurbanov qətnamənin icrasına maneçilik törətdiyindən inzibati məsuliyyətə cəlb edilib və cərimə olunub.
Məhkəmə qərarı üzrsüz səbəbdən icra edilmədiyinə, eləcə də, icra prosesində əsassız yubanmaya və süründürməçiliyə yol verildiyinə görə Ədliyyə Nazirliyinin Nizami rayonu üzrə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini R.Pənahov barəsində inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə təqdim olunub. Lakin Nizami Rayon Məhkəməsinin 07 noyabr 2006-cı il tarixli qərarı ilə R.Pənahov barəsində inzibati işin icraatına xitam verilib.
Nizami Rayon Məhkəməsi İcraçıları Şöbəsi icra sənədində göstərilmiş tələblərin icrasına törədilən maneələrin aradan qaldırılması üçün 30.03.2007-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti Başçısına və Nizami rayon İcra Hakimiyyəti Başçısına təkrar müraciət edib.
Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinin Nizami rayonu üzrə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı 27.06.2007-ci ildə təqdimatla Nizami Rayon Məhkəməsinə müraciət edib.
"Faber" Firmasının məktubuna cavab olaraq 06 iyun 2007-ci ildə Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəis müavini M.Məmmədov məhkəmə qərarının icrasını təmin etmək məqsədilə qanunla müəyyən edilmiş zəruri icra tədbirlərinin həyata keçirilməsinə dair məhkəmə icraçısına əlavə tapşırıq verildiyini bildirib. Lakin məhkəmə qətnaməsinin icra olunmadığını görən firmanın təsisçisi Sabir Cəfərov 2007-ci ilin dekabrında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusu ilə bağlı Avropa Məhkəməsinə müraciət edib.
Avropa Məhkəməsi 25 noyabr 2010-cu il tarixli qərarı ilə "Faber" firması və Cəfərov Azərbaycana qarşı iş (şikayət ¹ 3365/08) üzrə Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusunu tanıyıb.
Avropa Məhkəməsinin qeyd olunan qərarına əsasən, cavabdeh dövlətin üzərinə kompensasiya ödəmək öhdəliyi ilə yanaşı, həmin qərarın qəti qərara çevrildiyi tarixdən sonra 3 ay ərzində ölkədaxili məhkəmənin 12 oktyabr 2005-ci il tarixli qətnaməsinin icrasını münasib vasitələrlə təmin etmək öhdəliyi qoyulub. Avropa Məhkəməsinin qərarı 25 fevral 2011-ci ildə qəti qərara çevrilib.
Milli məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 6 ildən çox, Avropa Məhkəməsinin qərarının qüvvəyə minməsindən isə 1 ildən çox vaxt keçməsinə baxmayaraq həmin qərarların icrası təmin olunmayıb.
Faber Firmasının təsisçisi həm qanuni qüvvəyə minmiş milli məhkəmənin qərarının, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməkdən imtina edən Müdafiə Naziri barəsində cinayət işinin qaldırılması barədə ərizə ilə baş prokurorluğa müraciət edib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə, vəzifəli şəxs tərəfindən törədildikdə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07