İran hökuməti erməni iş adamlarını Azərbaycanla sərhəddə yerləşən Araz Azad İqtisadi Zonasına gətirib.

"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, bu yaxınlarda Qafan şəhərində keçirilən investisiya imkanları üzrə konfrans və Araz Azad İqtisadi Zonasında istehsal edilən məhsulların təqdimatı sərgisində bir qrup erməni sahibkar iştirak edib.

Məlumata görə, sözügedən konfrans və sərgidən sonra bir qrup erməni iş adamı tikinti və nəqliyyat sənayesi sahəsində, İranın Qafandakı Baş Konsulluğunun dəstəyi ilə Araz Azad İqtisadi Zonasında olub.

Görüşdə erməni tərəf həmin zonada fəaliyyət göstərən bir sıra fabriklərə baş çəkib, onlarla investisiya sahəsində necə qarşılıqlı əlaqə qurmaq istəklərini bildirib. Araz Azad Ticarət Zonası Təşkilatının rəsmisi bu barədə erməni qonaqlara lazımi məlumatları verib.

Qeyd olunur ki, bu ay Araz Azad Ticarət Zonasında istehsal olunan ilk məhsullar iranlı investorlar tərəfindən Ermənistanın Qafan şəhərinə ixrac edilib.