Respublikada yaş barama tədarükü davam edir. Bugünədək kümçülər tərəfindən tədarük məntəqələrinə 119 tondan çox yaş barama təhvil verilib. İyunun 8-də respublika üzrə 8,43 ton yaş barama tədarük olunub.  

"Unikal" xəbər verir ki, 2023-cü ildə Azərbaycanın 41 rayonunda yaş barama tədarükü aparılıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. 

Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 53 tona yaxın yaş barama təhvil veriblər. Ağcabədi (34,2 ton), Balakən (21,12 ton), Zaqatala (20,11 ton), Bərdə (19,69 ton), Tərtər (13,66 ton), Lənkəran (8,76 ton), Füzuli (7,6 ton), Ağdam (7,58 ton), Sabirabad (6,97 ton) və Yevlax (6,96 ton) ən çox yaş barama tədarük edən rayonlardır. 

Yaş barama tədarükü davam edir.