Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib. Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.
Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, Q.Mahmudovun idarə etdiyi “Honda” markalı 90-CZ-552 dövlət nömrə nişanlı avtomobil arxaya doğru hərəkət edərkən 3 yaşlı uşağın ölümünə səbəb olub.
Sürücü ilə bağlı hansı tədbirin görülməsinə gəlincə, R.Tağıyev bildirib ki, bu, istintaqa aid məqamdır və yol polisinin səlahiyyətində deyil. Şöbə rəisi sürücülərə və valideynlərə müraciət edib:
“Sürücülərdən bir daha xahiş edirik ki, məhəllələrarası yollarda təhlükəsizliyə tam əmin olduqdan sonra hərəkət etsinlər.
Valideynlərdən azyaşlı uşaqları nəzarətsiz buraxmamağı xahiş edirik”.