Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) "Kompüter elmləri" (Süni intellekt mühəndisliyi) ixtisası üzrə I kurs tələbəsi Ömər Əliyev yay məktəbində qazandığı təcrübə və proqramın üstünlükləri barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, yay məktəbi tələbələrin həm ixtisas üzrə fundamental biliklər əldə etməsinə, həm də gələcək tədris mərhələlərinə daha hazırlıqlı başlamasına mühüm töhfə verir.
"Unikal" xəbər verir ki, hazırda Koreyadan gələn peşəkar professor-müəllim heyətinin iştirakı ilə təşkil olunan yay məktəbində iştirak etdiyini bildirən Ömər Əliyev tədris prosesinin maraqlı və məhsuldar keçdiyini vurğulayıb: “Yay məktəbi yalnız maraqlı dərslərlə yadda qalmır, eyni zamanda gələcəkdə ixtisasımız üzrə bizə lazım olacaq fundamental biliklərin formalaşmasında əvəzsiz rol oynayır. Burada tələbə yoldaşlarımızla birlikdə keçirdiyimiz dərslər, hər kəsin öyrənməyə həvəsli yanaşması və komanda ruhu bu prosesi daha da maraqlı edir. Belə bir kollektivin üzvü olmaq mənim üçün böyük qürur hissidir”
Ömər Əliyev deyir ki, yay məktəbi çərçivəsində tələbələrə ixtisas üzrə ilkin nəzəri və praktiki biliklər aşılanır. Hazırda proqram çərçivəsində "Süni intellektə giriş" və "Python proqramlaşdırma" fənləri tədris olunur. Professorlar Li və Kim tərəfindən keçirilən dərslər zamanı tələbələr süni intellektin əsasları, proqramlaşdırma bacarıqları və gələcək peşə fəaliyyətində istifadə edəcəkləri mühüm biliklərə yiyələnirlər.
Tələbə proqramın ən böyük üstünlüklərindən birini ikili diplom imkanında gördüyünü də bildirib: “Üç il BMU-da, bir il isə Cənubi Koreyanın İNHA Universitetində təhsil aldıqdan sonra hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək bizim üçün çox böyük üstünlükdür. Həm yerli, həm də beynəlxalq səviyyədə tanınan diplomlara sahib olmaq gələcək karyeramızın qurulmasında və peşəkar mütəxəssis kimi formalaşmağımızda mühüm rol oynayacaq”.
Qeyd edək ki, oxuduğu ixtisasa 649 balla qəbul olunan Ömər Əliyev proqramın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və yaradılan bu imkanın tələbələrin beynəlxalq səviyyəli təhsil almasına, bilik və bacarıqlarını inkişaf etdirməsinə mühüm töhfə verdiyini qeyd edib.

















.jpg)












.jpg)






















