Pirallahı rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilmişdir.

"Unikal" xəbər verir ki, tədbirdə RİH başçısı Vasif İmanov, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev,  “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.      
      Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
         İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilmişdir. 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş video-çarxa baxılmışdır.
      YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. 
      Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mübariz Qurbanlı çıxışında bildirmişdır ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. 1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı yalnız ulu öndərin ideyalarındadır. Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi. Ölkəmiz real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. Məhz bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. 
    “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev qeyd etdi ki, bütün varlığı ilə vətəninə bağlı olan dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulayan natiq, xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını  gözəl bilən, enerjili  və təşəbbüskar şəxsiyyət  kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx  birləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.  
           YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov çıxış edərək vurğuladı ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. 
       “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun-Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 
       Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək vurğulamışdır ki, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdaraq doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. V.İmanov Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirilməsindən danışaraq bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Ölkə başçısının həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Xalqımız əmindir ki, cənab Prezidentin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
      Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon Təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmış, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan rayon sakinlərinə vəsiqələr təqdim edilmişdir.