İyunun 12-də Milli Məclisin Səhiyyə komitəsi Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq Azərbaycanda vərəm ilə mübarizədə əldə olunan nailiyyətlər barədə danışıb.

Əhliman Əmiraslanov bu sahədə parlamentdə daim dinləmələr keçirildiyini, müzakirələr aparıldığını qeyd edib. O, ölkəmizdə vərəm xəstəliyi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb. Parlamentin bu xəstəliklə mübarizə baxımından gördüyü işləri qeyd edən komitə sədr bildirib ki, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun daha da yaxşılaşdırılması üçün işlər aparılır. 

Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə qonaqlara təşəkkür ediblər. Deputatlar bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər zaman vərəm ilə mübarizədə öz dəstəyinin nümayiş ediblər.

Görüşdə Azərbaycan səhiyyəsində aparılan islahatlardan, dövlətin göstərdiyi böyük dəstəkdən danışaraq, səhiyyənin aktual məsələlərinə Azərbaycan parlamentinin də həssaslıqla yanaşdığını diqqətə çatdırıblar. Sonra görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyətinin üzvləri Sayohat Hasanova, Cəvahir Süleymanova, Andrei Mosneaga, Cristina Celan, Askar Yedilbayev, Oqtay Gözəlov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun direktoru İradə Axundova və ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını, səhiyyə sistemində aparılan islahatları, icbari tibbi sığortanın fəaliyyətini yüksək qiymətləndiriblər. 

Onlar bu sahədə aparılan vərəmin diaqnostikası, müalicəsi və profilaktika tədbirləri ilə bağlı fikirlərini bölüşüblər.