"Burada mən dahi şəxsiyyət Heydər Əliyev mövzusuna vaxtilə xalq cəbhəsinin ideoloji platformasının hazırlanmasında və təbliğində müəyyən rolu olan bir siyasət adamı kimi qoşulmaq istəyirəm. Məhz həmin obrazda da əsrimizin bu böyük dövlət adamı və siyasətçisi ilə xalq cəbhəsinin təmsilçisi olaraq dəfələrlə üzbəüz müzakirə və mübahisə apardığıma görə fikrimi əsaslandırmaqda yəqin ki, çətinlik çəkmərəm".
"Unikal" xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
"Biz Heydər Əliyevin içində yaşatdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan tədric olunmuş xəyali bir məkan idi. Bu məkanı hansısa dövlətin üzərindən gah Cənubla birləşdirirdik, gah da bölgədə sərbəst hərəkət trayektoriyası ilə Turana qoşurduq. Heydər Əliyevin içində yaşatdığı Azərbaycan isə ilk növbədə imperiya mərkəzi olan Moskva ilə münasibətləri ağıllı şəkildə çözməli idi. Bunu çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diqtəsi ilə Moskvadan köntöy formada qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə təhlükəsiz və tədricən üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, məhz bu üzülüşmə yolunun bir müddət sürəcəyini anlayan siyasi düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi. Biz Heydər Əliyevin kommunist partiyası liderindən müstəqil dövlətin liderliyinə transformasiyasına heç cür inana bilmirdik. Yəni, dəyişə biləcəyinə inana bilmirdik".
F.Mustafa qeyd edib ki, bütün sovet epopeyasının yarı-siyasi, yarı- şəxsi rejimlərində Heydər Əliyev Azərbaycanın varlığını qorumaq və ucaltmaq məqsədini dəyişməz saxlayaraq özünü yeni mühitin lideri olmaq üçün dəyişdirə bildi:
"O, Azərbaycan DTX-nin başında olarkən də, yerli Kommunist Partiya lideri, imperiya mərkəzində siyasi büronun üzvü olanda da, kommunist partiyasının biletindən imtina edəndə də, və nəhayət müstəqil Azərbaycanın lideri olanda da məqsədi Azərbaycanı ucaltmaq idi. Məhz bu ardıcıllıq keyfiyyətini qoruya bildiyinə görə həmişə uğur qazana bildi. Ona atdığımız təbliğat böhtanların başında əsasən “o, rus ordusunu təkrar Azərbaycana qaytaracaq, Qarabağı heç vaxt qaytarmağa çalışmayacaq” kimi tezislər gəlirdi. Zaman böyük siyasət adamı Heydər Əliyevə qarşı inkarçılığa, ədalətsiz tənqidə və bəzən də təhqirə qədər varan müxalifətçiliyimizin iflasını bizlərə göstərdi. Nəinki Heydər Əliyevin hakimiyyəti dövründə yad qoşunun Vətənimizə ayaq basmasının şahidi olduq, ardınca varisi cənab İlham Əliyevin Qəbələ RLS-dən yad qoşunları diplomatik zəka ilə çıxarmasını, ardınca Qarabağ kimi bir Qordi düyününün dəmir yumruqla çözməsini alqışlayanda anladıq ki, o zamankı mühakiməmiz nə qədər haqsız və naşı idi. Heydər Əliyev həm də öz qoyduğu irs ilə bizim müxalifətçilk anlayışımızı, dövlətçiliyə baxış bucağımızı dəyişdirdi. Əmin olduğum bir gerçək var ki, Heydər Əliyev dişiynən-dırnağıynan, xarakteri, zəkası və fırtınalardan sahilə salamat çıxardığı Azərbaycanla böyüklüyü qazanmış şəxsiyyətdir".
Anar Kəlbiyev