Bu gün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında ətraflı çıxış edib, həmçinin ötən dövrdə Komissiyanın fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının sürətli inkişaf dinamikası fonunda ölkəmizdə korrupsiyaya qarşı effektiv mübarizəni təmin edən və müasir dövrün tələblərinə cavab verən səmərəli mexanizmlər sistemi formalaşıb. Qanunvericilikdə aparılmış dəyişikliklər və həyata keçirilən mütərəqqi institusional islahatlar bu sahədə ixtisaslaşmış nüfuzlu təşkilatlar olan Avropa Şurasına üzv dövlətlərin Korrupsiyaya qarşı Dövlət Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi tərəfindən yüksək qiymətləndirilib.
Komissiya üzvləri ölkəmizdə şəffaflıq və dürüstlüyün daha da gücləndirilməsi istiqamətində görülən işlər fonunda qeyd edilən təşkilatların tövsiyələrinin bu inkişaf prosesinə müsbət təsir göstərəcəyini vurğulayıblar.
Ölkəmizin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadənin yolverilməzliyini qeyd edən iclas iştirakçıları dövlət əmlakının mənimsənilməsi və dövlətin iqtisadi təhlükəsizliyi əleyhinə digər hüquqpozmalarla mübarizə tədbirlərini, habelə bu sahədə aidiyyəti qurumların rolu və onların üzərinə düşən vəzifələri müzakirə ediblər.
İclasda, həmçinin bəzi özəl müəssisələrin fəaliyyətində, xüsusilə mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya hallarının qarşısının alınması və vətəndaşların hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məruzələr dinlənilib.
Yekunda Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.