44 günlük müharibədə şəhid olmuş Təhməzov Pərvin İlqar oğlunun anası TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovadan şikayət edib.
Bu barədə "Unikal"a danışan şəhid anası Təhməzova Əsli bildirib ki, S.Sadıqova 31 ildir Səhiyyə Şöbəsinin mexanika bölməsində işləyən Rəcəbov Natiqi qanunsuz şəkildə işdən çıxarıb.
"Şikayətim Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovadandır. Hazırda Hesablama Palatası orada yoxlama aparır, korrupsiyadır. S.Sadıqova insanların günün kəsir, onları ərizə yazıb işdən çıxmağa məcbur edir. Mənim qardaşım da, ərim də orada işləyir. Onlar Təcili Yardımın işçiləridir. Rəcəbov Natiq də mənim ərimin iş yoldaşı idi. Onu qanunsuz şəkildə ərizə yazmağa məcbur edərək işdən çıxardı. Ərizəni yazmayacağı halda isə təhdid edib", - deyə Ə.Təhməzova bildirib.
O, bu barədə baş nazirə də müraciət ünvanladığını deyib: "Hansı qanunvericilikdə işçiyə beş gün tətil verib, həmin günləri onun maaşından kəsmək nəzərdə tutulur? 5 günlük tətil maaşda 100-150 manat fərq deməkdir. Ayın 2-də Nazirlər Kabinetinin qəbulunda oldum, bu barədə Baş nazir Əli Əsədovun müavinlərinə də yazılı şəkildə müraciət etmişəm". Onun sözlərinə görə, son dövrlər əsasən Sumqayıtla hər hansı bir bağlılığı olmayan şəxslər işə götürülür, lakin şəhid ailələri, qazilər və onların yaxınlarına "vakansiya yoxdur" cavabı verilir.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığı, nəticədə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlandığı açıqlanıb. Hazırda istintaq davam edir.
Seymur Əli