AŞPA-da Laçın yolu ilə bağlı məruzəçi Paul Qavanın hazırladığı qətnamə qəbul edilib.
"Unikal" xəbər verir ki, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı Laçın yolu ilə bağlı müzakirələr aparılıb və məruzəçi Paul Qavanın hazırladığı qətnamə layihəsi qəbul olub.
Qətnamədə bildirilib ki, Assambleya həm Ermənistan, həm də Azərbaycan parlament nümayəndə heyətlərini gərginliyin azaldılması və səmimi əməkdaşlığın qurulması məqsədilə qarşılıqlı maraq doğuran mövzular əsasında əlverişli və səmərəli dialoqun qurulması istiqamətində mümkün addımları müzakirə etməyə dəvət edib.
Parlament Assambleyası xatırladıb ki, 30 ildən artıqdır ki, Azərbaycan və Ermənistan arasında münaqişə gedir və hər iki ölkə 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olduqdan sonra bu mübahisəni sülh yolu ilə həll etmək öhdəliyi götürüb.
Qətnamədə bildirilib ki, Assambleya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını alqışlayır və bunu artıq hər iki tərəfdən çoxlu ölüm və faciələrə səbəb olan münaqişənin sona çatması istiqamətində ilk addımlar kimi görür.