Azərbaycan sülh danışıqlarının yeni raundu öncəsi Ermənistanın Qarabağda yaşayan ermənilərə xüsusi təhlükəsizlik təminatlarının verilməsi tələbini rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Reuters" agentliyinə müsahibəsində deyib.
Nazir belə bir zəmanətin lazımsız olduğunu və tələbin Azərbaycanın işlərinə qarışmaq olduğunu bildirib: "Biz bir sıra səbəblərə görə belə bir ilkin şərti qəbul etmirik. Səbəblərdən ən əsası budur: bu, daxili, suveren məsələdir. Azərbaycan konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarını təmin etmək üçün bütün lazımi şəraiti təmin edir".
Onun sözlərinə görə, etnik ermənilər də digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə və dövlət strukturlarına inteqrasiya etsələr, yenə də öz dillərində istifadə edə və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.
Bayramov sülh danışıqlarında müəyyən irəliləyişin olduğunu və Bakının razılığa gəlməkdə maraqlı olduğunu bildirib: "Niyə Ermənistanın baş nazirinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həqiqətən tanıdığını deməsi iki il yarım çəkdi? Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh razılaşması əldə edilə bilər. Əgər nəinki bəyanatlar vermək, həm də bəzi praktiki addımlar atmaq iradəsi olarsa, mən hesab edirəm ki, potensial olaraq ilin sonundan da tez razılıq əldə etmək olar. Amma real hazırlıq yoxdursa, bu, sonra da ola bilər".
Ağarza Elçinoğlu