"Azərbaycan Silahlı Qüvvələrinin yaranması ölkəmizin həyatında tarixi hadisələrdən biridir. Azərbaycan tarixinə baxanda görürük ki, hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması, ölkəmizdə ilk nizami ordunun yaradılması ilə bağlı o dövrün hökumətinin verdiyi qərarlar, ordu quruculuğu prosesinin getməsi və s. xalqımızın ordu quruculuğu ilə bağlı arzularının həmin zamanlarda yarandığının ilk nümunələrini göstərir".
Bunu "Unikal"a açıqlamasında deputat Mahir Abbaszadə deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti sovet hökumətinin daxilində olduğu müddətdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hərbi məktəblərin yaranması, həmin məktəblərdə azərbaycanlıların kursant kimi təhsil alması, hərbi zabitlərin yetişməsi ilə bağlı məsələlər də ordu quruculuğu ilə bağlı ilk zamanlardan atılmış addım kimi qiymətləndirilməlidir.
"Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun formalaşması istiqamətində ciddi işlər görülməyə başladı. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə ordu quruculuğu, nizami ordunun yaradılması ilə bağlı çox ciddi addımlar atıldı. Ordu quruculuğu prosesi Azərbaycan dövlətinin inkişafı ilə bağlı çox vacib məqamlardan biridir. Müstəqilliyimizin ilk illərində Ermənsitan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olundu və 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşadı. Torpaqlarımız işğal altına düşdükdən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri işğal altında olan torpaqları azad etmək, ərazi və sərhəd bütövlüyümüzü təmin etmək idi. Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər işlər aparırdı. Amma aparılan işlər içərisində əsas məsələlərdən biri ordu quruculuğu prosesinin sürətlə həyata keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçiləndən sonra bütün sahələrdə inkişaf sürətlə davam etməyə başladı. Təbii ki, bu sahələr içərisində ordu quruculuğu, təhlükəszilik məsələləri, sərhədlərimizin ciddi şəkildə mühafizəsinin həyata keçirilməsi əsas prioritet məsələlərdəndir. İlbəil dövlət başçısının rəhbərliyi ilə iqtisadi gücümüz, maliyyə imkanlarımız artdıqca ordu quruculuğuna daha çox diqqət ayrıldı. Hər il dövlət büdcəsində ölkəmizdə ordu quruculuğu prosesinə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlər büdcənin xərc hissəsində ən birinci yerdə olurdu. Həmişə fəxrlə deyirik ki, Azərbaycanın hərbi sənayesinə, təhlükəsizlik sahəsinə ayrılan büdcə Ermənsitanın ümumi büdcəsi qədərdir. Məhz İlham Əliyevin rəhbərliyi ilə ordudan aparılan islahatlar, müasir silahların alınması, maddi-texniki bazanın möhkəmləndirilməsi, xidmət edən əsgər və zabitlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar Azərbaycan Ordusunun sürətlə inkişaf etməsinə gətirib çıxardı. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması bizim üçün mühüm hadisədir. Ordumuzun inkişaf etməsi nəticədə 2020-ci ildə əks-hücum əməliyyatlarının həyata keçirilməsinə, işğal altında olan torpaqlarımızın 44 gün müddətində tamamilə azad olunmasına, İranla 130 kilometrlik, Ermənistanla isə 400 kilomerdən artıq olan sərhədlərimizin bərpa edilməsinə gətirib çıxardı. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna yüksək səviyyədə diqqət yetirilir. Ordumuz işağl altında olan torpaqlarımızın geri qaytarılmasını təmin etdi".
Deputat qeyd edib ki, ordu quruculuğu ilə bağlı proses bu gün də davam etməkdədir:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət büdcəsindən ayrılan vəsaitlər içərisində işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitdən sonra ordu quruculuğu və təhlükəsizlik məsələləri ilə bağlı ayrılmış vəsaitlər büdcənin xərc maddəsində əsas yer tutur. Bunun nəticəsidir ki, Azərbaycan yeni hərbi birləşmələrin yaranmasını həyata keçirir. Komando birlikləri Azərbaycan torpaqlarının etibarlı qorunmasının həyata keçirilməsini təmin edəcək. Ordumuzun yüksək səviyyədə inkişaf etməsinin əsas səbəblərindən biri də ölkəmizdə son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə yetişmiş Azərbaycan gəncliyidir. Vətənpərvər, dövlətini, torpağını sevən, vətənə sədaqət andı içmiş gənclər Azərbaycan Ordusunun əsas ana xəttini təşkil edir. Bunlar 44 günlük Vətən müharibəsində Azərbaycan oğlunun vətənə nə dərəcədə sədaqətli və yüksək vətənpərvərlik nöqteyi-nəzərdən inkişaf etdiyini özündə nümayiş etdirdi. Ordu quruculuğu bundan sonra da daim inkişaf edən, təkmilləşən və davam edən prosesdir. Bundan sonrakı müddətdə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu sürətlə inkişaf edəcək. Ordumuz həmişə Azərbaycan xalqının qarantı olacaq, sərhədlərimizin və ümumilikdə torpaqlarımızın qorunmasını daim təmin edəcək".
Anar Kəlbiyev