Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas faktor Ermənistanın silahlı qüvvələridir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.
“Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə üzərinə düşən öhdəlikləri yerinə yetirməli, həm sözdə, həm də əməldə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”, - deyə o yazıb.
A.Hacızadə qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq Azərbaycandan tam çıxarılmayıb.
“Bu qeyri-qanuni qüvvələr yaxın ərazilərdə yaşayan və evlərinə qayıdan azərbaycanlıları təhdid etməklə yanaşı, təhlükəsizliyə ciddi təhlükə yaradır".
Azərbaycan XİN rəsmisi bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenə də beynəlxalq ictimaiyyəti çaşdırır.
"Azərbaycan qüvvələri hərbi əməliyyatlarla bağlı yalnız cavab tədbirləri görüb, nəticədə bir Azərbaycan əsgəri yaralanıb. Regionda sabitliyi pozan əsas amil Ermənistan silahlı qüvvələridir", - Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb.