Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Kremldən yayılan açıqlamada telefon danışığının Nikol Paşinyanın təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib. Telefon danışığı zamanı Qarabağla bağlı məsələlərin müzakirə edildiyi açıqlanıb. Belə olan halda Paşinyanın narahatlığının səbəbi maraq doğurub.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Azərbaycan anti-terror əməliyyatı keçirsə, bunu nə Ermənistanla, nə də Rusiya ilə razılaşdırılmış şəkildə etməyəcək:
“Qarabağda olan Rusiya sülhməramlı qüvvələri ilə bir sıra məsələlərdə ümumi plan üzrə hərəkət etmək olar. Ona görə də, Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi, və yaxud bu kimi detalları razılaşdırması o qədər də inandırıcı görünmür.
Əsas məsələ ondan ibarətdir ki, bu gün danışıqlar həm Amerika Birləşmiş Ştatları (ABŞ), həm Avropa İttifaqı, həm də Rusiya müstəvisində gedir. Məlum məsələdir ki, Rusiya bu danışıqlarda əsas rol oynayan dövlətlərdən biridir.
Düşünmürəm ki, bu telefon zəngi Paşinyanın Azərbaycan tərəfindən keçirilməsi mümkün olan anti-terror əməliyyatı ilə bağlıdır. Onlar digər məsələləri də müzakirə edə bilərlər”, - deyə o qeyd edib.
Deputat Brüsseldə Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşlə bağlı da fikirlərini səsləndirib:
“Dövlət başçılarının görüşləri adətən xarici işlər nazirlərinin görüşlərindən sonra baş tutur. Həmin görüşdə də nazirlər arasında razılaşdırılan detalların bir daha müzakirəsi aparılır. Düşünürəm ki, Azərbaycanın və Ermənistanın təklifləri müzakirə olunmalıdır.
Humanitar məsələlər, əsir və girovları dəyişdirilməsi, baş verən sonuncu proseslərə qiymət vermək, delimitasiya və demarkasiya məsələləri Vaşinqton görüşünün nəticələrinin bir daha müzakirəyə çıxarılacağını deyə bilərəm".
Murad İbrahimli