Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak etmək üçün Tacikistan Respublikası İqtisadi İnkişaf və Ticarət Naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda Zavki Aminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda  səfərdədir.

"Unikal" xəbər verir ki, 7 iyul 2023-cü il tarixində Zavkizoda Zavki Amin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin  xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad edib, daha sonra ETSN-də Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib. 

İclasda Azərbaycanla Tacikistan arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi, iki ölkənin beynəlxalq platformalarda səmərəli əməkdaşlıq apardığı bildirilib. Müxtəlif sahələrdə işgüzar əlaqələrin daha da genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.  

Müzakirələrdən sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının protokolu imzalanıb.