Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən məlum hadisəyə Nazirlər Kabinetinin reaksiyasını sərt tənqid edib.
"Unikal" xəbər verir ki, ölkə başçısı hadisə ilə bağlı Nazirlər Kabinetində müşavirə keçirildiyini və açıqlama verildiyini xatırladaraq əlavə edib: "O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir – Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir".
Qeyd edək ki, ictimaiyyətdə də hökumət və onun başçısı Əli Əsədovun Söyüdlü hadisəsi ilə bağlı fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən ciddi narazılıq var. Hesab olunur ki, Əsədov baş verənlərə vaxtında və effektiv reaksiya göstərə bilməyib, elə ilk gündən hadisənin araşdırılması və məsələnin böyüməməsi üçün heç nə etməyib. Əvəzində hadisəni malalamaq yolu tutub, həm də ölkə başçısının tapşırığına baxmayaraq! Maraqlıdır, görəsən, o özünü kim hesab edir və bu "cəsarəti" haradan alır?
Prezidentin sərt tənqidi Baş nazirin Söyüdlü hadisəsindəki məsuliyyətini, daha doğrusu, məsuliyyətsiz davranışını bir daha ortaya qoydu. Görünür, o unudub ki, ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı sayılan Nazirlər Kabinetinə rəhbərlik etmək "Narşərab"da, "Mangal Steak"də nazirləri başına toplayaraq yeyib-içmək məclisləri düzəltməkdən ibarət deyil.
Bir sözlə, Gədəbəydə yaşanan hadisəyə qeyri-adekvat, qeyri-effektiv reaksiyası, hətta aparılan ekspertizanın nəticələrini belə bir aydır ölkə başçısını məruzə edə bilməməsi Əli Əsədovun uzun illər ciddi-cəhdlə can atdığı Baş nazir postunda ona göstərilən etimadı doğrultmadığını növbəti dəfə təsdiqlədi. Etimadı doğrultmayan hər bir vəzifə sahibi üçün isə sonun necə olacağı bəri başdan məlumdur...
Seymur Əli