2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezidenti İlham Əliyev bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər.
"Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil", - ölkə başçısı bildirib.
Milli Məclisin deputatı Azər Badamov "Unikal"a açıqlamasında bildirib ki, ölkədə inflyasiyanın ikirəqəmli olması insanların sosial rifahına mənfi təsir göstərir.
Onun sözlərinə görə, dövlət başçısının müşavirədə qeyd etdiyi kimi, Azərbaycanda orta illik inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi üçün imkanlar mövcuddur:
"Bu imkanlar manatın son 6 ildə sabit olması, qeyri-neft sektorunda mütəmadi olaraq artmın olması, xarici dövlət borcunun ÜDM-in 10%-dən aşağı olması və xarici ticarət balansında 10 milyard dollara qədər profisitin yaranmasında əks olunub. Hesab edirəm ki, inflyasiyanın aşağı salınması üçün hökumət müəyyən tədbirlər həyata keçirəcək. Müşavirədə bu məsələ ilə bağlı verilən tapşırıqlar Prezident İlham Əliyevin apardığı siyasətin təməlində vətəndaşların rifahının dayandığını bir daha göstərir", - deyə deputat vurğulayıb.
Anar Kəlbiyev