Azərbaycana şəxsi istifadə üçün dərmanın gətirilməsi ilə bağlı yeni qayda müəyyənləşir.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrini, həmçinin bu qanunun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Bundan başqa, ölkəmizə dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.

Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.

Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.

Müzakirələrdən sonra məsələ III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev