Ermənistanda Teleqram sosial şəbəkəsi vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç İran və bir Rusiya vətəndaşı həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, İran vətəndaşları A.L., S.S. və Rusiya vətəndaşı M.Ş. Teleqram kanalı vasitəsilə narkotik satışı ilə məşğul olublar. Onlar İran vətəndaşı A.L.-nin iştirakı ilə digər şəxslərdən 228 qram həşiş, 47 qram metamfetamin, 5,9 qram psilosebin alaraq Şirak rayonunun Ani icmasında saxlayıblar.

19 bağlamada qablaşdırılan narkotiklərin bir hissəsi iyulun 29-da Gümrüyə çatdırılıb və müştərilərin götürməli olduğu xüsusi yerlərdə saxlanılıb. Satıcılar saxlanılıb, narkotik maddələrin qalan hissəsi isə Anidəki evdə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, ittiham aktı ilə məhkəməyə göndərilib.

Nuranə Abbasova