“Ukrayna hakimiyyəti öz işləri ilə məşğul olmalı və Gürcüstanın daxili siyasi işlərinə qarışmamalıdır”. 

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. 

“Qoy onlar (Ukrayna hakimiyyəti – red.) özlərinə, ölkələrinə baxsınlar... Bizim öz baxışımız, öz planımız var, ona uyğun olaraq ardıcıl hərəkət edirik. Daxili siyasi məsələlərdə bizə kiminsə məsləhəti, müdaxiləsi lazım deyil. Bu, hər bir halda qəbuledilməzdir”, - deyə Qaribaşvili bildirib.

Eyni zamanda, baş nazir Ukraynanın Gürcüstan səfirini Kiyevdən qovmaq qərarını ədalətsiz adlandırıb.

“Bu, Ukrayna hakimiyyətinin qəbul etdiyi əsassız, tamamilə ədalətsiz qərardır”, - deyə o bildirib.

Xatırladaq ki, Gürcüstanın səfiri Giorgi Zakaraşvili iyulun 6-da Ukraynanı tərk edib. Ukrayna prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyətə görə gürcü diplomata kəskin etiraz bildirməyi və Tbilisi ilə məsləhətləşmələr üçün 48 saat ərzində ölkəni tərk etməyi təklif etməyi tapşırıb.

Nuranə Abbasova