Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun 27-də təntənəli açılış mərasimi olub.

"Unikal" xəbər verir ki, əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.

Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə başlayıb. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva, Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.

Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.

Xatırladaq ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.