Azərbaycan cüdoçuları Berlində keçirilən gənclər arasında Avropa Kubokuna uğurla başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Turnirin ilk günündə cüdoçularımız bir qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər.
Yarışın ilk günündə oğlanlar və qızlar arasında üç çəki dərəcəsində doqquz cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.
Oğlanlar arasında -73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - Vüsal Qələndərzadə və Süleyman Əliyev qarşılaşıb. Nəticədə Vüsal Qələndərzadə qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Qədir Hüseynov bürünc medala sahib olub. -66 kiloqram çəki dərəcəsində Samir Piriyev 5-ci, Nicat Nağıyev isə yarışı 7-ci yerdə başa vurublar.
Qızlar arasında +78 kiloqram çəkidə Nigar Süleymanova turniri 5-ci yerdə tamamlayıb.