Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad və Tərtər rayon İcra Hakimiyyətlərində əməliyyat keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.
Ümumiyyətlə, son illər bir neçə icra başçısı da daxil olmaqla icra hakimiyyətlərində çalışan vəzifəli şəxslər bu əməllərinə görə həbs olunub. Keçirilən əməliyyat tədbirləri göstərir ki, hələ də korrupsiya əməllərinə yol verənlər var.
Deputat Fazil Mustafa bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, əməliyyat-axtarış tədbirlərinin davam etməsi gözləniləndi. Onun sözlərinə görə, bir çox ölkələrdə korrupsiyaya qarşı mübarizə aparılır və bu davam etdirilməlidir:
"Ölkəmizdə də bu istiqamətdə işlər görülür. Ona görə də kiminsə həbs olunması təəccüblü qarşılanmamalıdır. Bu məsələdə müəyyən rolu olan şəxslərin həbs olunması, məsuliyyətə cəlb edilməsi davam edən prosesdir. Nə qədər ki, insan, vəzifə varsa, o qədər də yaxşı və pis əməl var. Tez-tez bu kimi məsələlərin gündəmə gəlməsinə təəccüblənmək lazım deyil".
Anar Kəlbiyev