"Ermənistan onun siyasətini müdafiə edən bir neçə dövlətin köməyi ilə birlikdə BMT Təhlükəsizlik Şurasına müraciət edərək Azərbaycana qarşı hər hansı siyasi qərarın qəbul olunacağına ümid edirdi".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, nəticə ermənilərin gözlədiyi kimi olmadı:
"Ermənistan orada da məğlubiyyətə uğradı. Çıxış edən dövlət rəsmilərinin əksəriyyəti Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmağın, Azərbaycan-Ermənistan arasında normal qonşuluq münasibətlərinin qurulmasının vacibliyini vurğuladılar.
Təhlükəsizlik Şurası hər hansı qərar qəbul etmədi, yalnız müzakirələr həyata keçirdi. Bununla da Ermənistan yeni bir diplomatik məğlubiyyətə düçar oldu. Belə də olmalı idi. Bu, gözlənilən idi, çünki Ermənistanın tələblərində Azərbaycanın daxili işlərinə qarışmaq və ölkəmizin suveren hüquqlarını şübhə altına almaq cəhdləri idi. Bu isə əlbəttə ki, beynəlxalq hüquqda yolverilməz bir məsələdir.
Dünya bir daha Ermənistanın Azərbaycanla mehriban qonşuluq münasibəti qurmaqda maraqlı olmadığını gördü. Həmçinin, hər kəs Qarabağda yaşayan ermənilərin hər hansı bir humanitar fəlakətlə üzləşmədiyinin şahidi oldu. Azərbaycan həmin ərazidə yaşayan erməni sakinlər üçün bütün humanitar vasitələri ən qısa yolla və sərfəli qiymətlərlə təqdim etməyə hazırdır. Ermənistan və onun tərəfdarları isə bunun əleyhinə idilər", - deyə o qeyd edib.
Millət vəkili əlavə edib ki, Ermənistanın bundan sonra Azərbaycanla normal münasibətlər qurmaqdan başqa heç bir çıxış yolu yoxdur:
"Bunu Ermənistan etməlidir. Bu, ilk növbədə onların öz maraqlarına cavab verir. Nə vaxt edəcəyi isə artıq Ermənistanın seçimidir.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsi olmadan da yaşaya bilər. Azərbaycan özünün sərhəd bütövlüyünü təmin edib, öz suveren hüquqlarını qoruyur.
Ermənistan tərəfindən isə yeni təxribatların törədilməsi gözləniləndir. Bu gün və dünən dəfələrlə mövqelərimizin atəşə tutulması, erməni diversantın Azərbaycan ərazisinə daxil olması cəhdi Ermənistanın hələ də özünün çirkin əməllərindən əl çəkmək istəmədiyini göstərir.
Azərbaycan istənilən təxribatın qarşısını ala bilir. Ermənistan başa düşməlidir ki, Azərbaycanla mütləq normal qonşuluq münasibətləri qurmalıdır. Əks halda isə Azərbaycan ən sərt şəkildə cavab verəcək".
Murad İbrahimli