“BMT TŞ-nın son iclasında Azərbaycan Ağdam yolu ilə humanitar yardıma hazır olduğunu bildirib”.
"Unikal" xəbər verir ki, bunu dünən keçirilən iclasın yekunlarını şərh edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza qeyd edib.
“ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfildin rəsmi bəyanatına əsasən, Təhlükəsizlik Şurası sırf Azərbaycanı qınamır. Daha doğrusu o, həm Azərbaycanı, həm də Ermənistanı Laçın yolu boyunca gərginliyi azaltmağa və sülh müqaviləsi üzərində işləməyə davam etməyə çağırıb”, - sabiq səfir vurğulayıb.
Brayza xatırladıb ki, səfir Tomas-Qrinfild humanitar yüklərin daşınması üçün əlavə marşrutlar üzrə kompromislərin mümkünlüyünü qeyd edib. “Bu, Azərbaycanın Ağdamdan Qarabağdakı etnik ermənilərə humanitar yardım çatdırmağa hazır olduğuna işarədir. Bunu Avropa Şurasının prezidenti Şarl Mişel də Prezident İlham Əliyevlə Baş nazir Paşinyan arasında keçirdiyi son görüşdən sonra verdiyi bəyanatda da bildirib”,- deyə keçmiş səfir vurğulayıb.