Respublika Perinatal Mərkəzdə körpə, uşaq və yenidoğulmuşların rutin olaraq aylıq pediatrik müayinəsi və müalicəsi aparılır.

"Unikal"ın əməkdaşı mövzu ilə bağlı suallarını Respublika Perinatal Mərkəzin həkim - pediatrı Dr. Şəbnəm Mustafayevaya ünvanlayıb:

- PEDİATRİK MÜAYİNƏ DEDİKDƏ NƏ NƏZƏRDƏ TUTULUR?

- Pediatrik müayinə, pediatrın uşağın ümumi sağlamlığını qiymətləndirdiyi bir müayinədir. Bu müayinə uşaq doğulduğu andan müəyyən fasilələrlə aparılır və uşağın böyümə və inkişafını izləmək üçün vacibdir.

- MÜAYİNƏ ZAMANI PEDİATR HANSI YOXLAMA VƏ QİYMƏTLƏNDİRMƏLƏRİ HƏYATA KEÇİRİR?

Fiziki müayinə: Həkim uşağın başdan ayağa bir sıra fiziki yoxlamalar aparır. Qulaq, burun, boğaz, göz, ürək, ağciyər, qarın və digər nahiyələr müayinə olunur.

Böyümə və inkişaf: Uşağın boyu, çəkisi və baş ətrafı ölçülür və böyümə cədvəllərinə əlavə edilir. İnkişaf mərhələləri (məsələn, ilk addımlar, sözlərin istifadəsi) müşahidə edilir və qeyd olunur.

Duyusal qiymətləndirmələr: Göz və qulaq müayinəsi edilir.

İmmunizasiyalar: Uşağın peyvənd cədvəlinə baxılır və çatışmayan peyvəndlər tamamlanır.

Qidalanma və pəhriz: Uşağın qidalanma vərdişləri və ehtiyacları haqqında məlumat əldə etmək olar.

Davranış və emosional inkişaf: Pediatr uşağın sosial və emosional inkişafını da qiymətləndirə bilər.

Xüsusi müayinələr: Lazım gələrsə, anemiya, qurğuşun zəhərlənməsi və ya digər vəziyyətlər üçün xüsusi müayinələr aparıla bilər.

Valideynlər bu müayinələr zamanı övladının sağlamlığı, inkişafı və ya davranışı ilə bağlı hər hansı narahatlığı həkimlə bölüşməlidirlər. Bu, uşağa ən yaxşı qayğı göstərmək üçün vacibdir.