Ermənistan tərəfi öz məkrli siyasətlərini davam etdirmək məqsədilə, növbəti dəfə bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və yalan dolu bəyanatlar yaymaqdadır.
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 28 avqust tarixli bəyanatına dair şərhində deyilir.
"Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın suveren ərazisində təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsini qanunsuz adlandırmaqla yetinməyib, Azərbaycan qanunvericiliyinə əsasən etnik və irqi zəmində düşmənçiliyin təbliğ olunmasına, eləcə də Azərbaycanın Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiklərinə görə barələrində cinayət işi açılan və 28 avqust tarixində saxlanılan üç nəfər Ermənistan vətəndaşının qaçırıldığı iddiası yayması bu ölkənin beynəlxalq öhdəliklərinə hörmət etmədiyini göstərir.
Bununla, guya Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozduğunu iddia edən Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, məhz etnik və irqi zəmində nifrət əməllərinin qarşısının alınması istiqamətində məhkəmə qərarı mövcuddur və Ermənistan bu hərəkətlərin qarşısını almaq əvəzinə onlarla mübarizə aparan Azərbaycana qarşı bəyanatlar səsləndirir.
Qeyd edilən üç şəxsin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınaraq və humanizm prinsipindən çıxış edərək Azərbaycanın onlara qarşı cinayət təqibinə xitam verməsinə baxmayaraq, Ermənistan tərəfinin törədilən cinayətləri ört-basdır etməyə çalışması və Azərbaycanı etnik təmizləmədə təqsirləndirməsi bu ölkənin əsl niyyətindən xəbər verir.
Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, həm bu ərazilərdən, həm də indiki Ermənistan ərazisindən azərbaycanlıları qovan və etnik təmizləmə həyata keçirən, hal-hazırda da bütün öhdəliklərinə zidd olaraq Azərbaycan ərazisində silahlı qüvvələrini tam olaraq çıxarmayan, separatçılığı təşviq edən Ermənistanın Azərbaycanı təcavüzdə təqsirləndirməsindən daha absurd bir fikrə rast gəlmək qeyri-mümkündür.
Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, onun tərəfindən bölgədə irəlilədilən təcavüz siyasətinin heç bir əməli nəticəsi olmayacaq və Azərbaycanın sülhün bərqərar olması təşəbbüslərinə dəstək verilməsi Ermənistan üçün daha faydalı olardı", - şərhdə bildirilir.