Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postu yaxınlığında çadırlar qurulur.

"Unikal" xəbər verir ki, çadırlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları və ərazidə olan digər şəxslərin gecələməsi üçün nəzərdə tutulur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr davam etdirilir: “Hazırda müzakirələr gedir. Bizə bildirdilər ki, məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər. Biz isə humanitar məqsəd və missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına çatdırdıq. Vəziyyətdə hər hansı dəyişiklik olsa, bizə məlumat veriləcəyini söylədilər”.

xxx

18:49

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yükün keçirilməsi ilə bağlı rus sülhməramlılarla danışıqlar aparıb. Hazırda yükü aparan TIR-lar gözləmədədir.

"Unikal" xəbər verir ki, humanitar yardım bu gün səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.