Avqustun 30-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Aşıq Ələsgər 15A ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.
"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan və ölkəmizi bütün çətinliklərdən xilas edərək yeni Azərbaycan quran Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl bugünümüzün uğurlarında özünün aydın ifadəsini tapır. “Heydər Əliyev İli” müstəqilliyinin bərpasının 32 ilə yaxın dövrünü arxada qoyan Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatıdır. Son 3 ilin ən qürurverici hadisəsi tarixi Zəfərimiz və onun yaratdığı reallıqlardır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı, etimadı doğrultdu, Ulu Öndərin arzusu reallığa çevrildi. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu.
Vüqar Rəhimzadə cəmiyyətin avanqard qüvvəsi, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı bütün dövrlər üçün özünü doğrultmaqla yanaşı, partiyanın uğurlarına bələdçilik edir. Dahi şəxsiyyətin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev belə bir inamı ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda təşkilatı məsələlərə baxılıb. İlkin Şabanov YAP Xətai rayon təşkilatı Aşıq Ələsgər 15A ünvanı üzrə ərazi partiya təşkilatının sədri, İntiqam Həsənov sədr müavini seçiliblər.