"Qərb Ermənistanı NATO ilə şirnikləşdirib, onu KTMT-dən, umumiyyətlə Rusiyadan uzaqlaşdırmağa çalışır. Hətta bəzi dairələrdə belə bir fikir səsləndirirlər ki, Ermənistan NATO üzvü olduqdan sonra, Avropa Birliyinə də üzv ola bilər. Buna görə də Paşinyan İtaliya mətbuatına verdiyi müsahibədə Rusiyanı və Putini ciddi surətdə tənqid etdi".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Qərb dünyası Ermənistanı NATO-ya cəlb etməklə, Rusiyanı bölgədən qovub çıxarmaq istəyir: "Bu, qərbin taktikasıdır. Amma NATO-ya gedən yol uzundur. Ermənistanın qarşısına çətin bir yol xəritəsi qoyulacaq ki, onların hər birini yerinə yetirsin. Hər halda Ermənistanın NATO və AB-yə qəbul edilməsi məsələsi Qərb dairələrinin əlində bir qoğal kimi Ermənistana göstərilir və onu özünə cəlb etməyə çalışır.
Söhbət Avropaya inteqrasiya xəttindən gedir. Üstəlik Ermənistan və Gürcüstan NATO-ya assosiativ üzvlük müqaviləsinə qol çəkib, bununla da NATO-ya doğru ciddi bir addım atıblar. Qərb dünyası Ermənistanı NATO-ya cəlb etməklə, Rusiyanı Yaxın Şərqdən qovub çıxarmaq məsələsini də birdəfəlik həll etmək istəyir".
Politoloq qeyd edib ki, Rusiya Ermənistanın NATO-ya üzzvlük məsələsinə çox sərt cavab verəcək: "Artıq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması istiqamətində addımlar atılır. Üstəlik də ölkə daxilindəki revanşist qüvvələrə həm Paşinyanı yıxmaq, həm də Azərbaycanla bağlı bir sıra məsələlərə görə şirin vədlər verilir. Rusiyanı və onun bölgədəki siyasətini bəyənməyib Qərbə meyl edənlər də zamanla artacaq".