Şahin Mustafayev İsmət Abbasovu "ofsayd"da qoydu
19:13 30-03-2013
İQTİSADİYYAT
Şahin Mustafayev İsmət Abbasovu "ofsayd"da qoydu
Kənd təsərrüfatı naziri yeni regional Dövlət Proqramından kənarda qoyulur?
"Hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramı hazırlanır". Bunu dünən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov söyləyib.
Nazir müavini həmin fikirləri İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbirdə səsləndirib. Amma maraqlıdır ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və sahibkarların iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyi təmsil olunmayıb. Halbuki tədbir zamanı müzakirə olunan məsələlərin bir hissəsi məhz İsmət Abbasovun Nazirliyinin səlahiyyətlərinə daxildir.
Belə ki, Şahin Mustafayevin müavini tədbirdəki çıxışında infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadəni, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisi yönündə ölkə rəhbərliyinin tapşırıqlarına toxunub, qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, meliorasiya işlərinin diqqətdə saxlanılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyən edilib. Amma maraqlıdır ki, məhz bu məsələlərin həllinə birbaşa dəxli olan dövlət qurumlarından biri Kənd Təsərrüfatı Nazirliyi nümayəndələri həmin tədbirə qatılmayıb.
Bu isə belə düşünmək üçün əsaslar yaradır ki, Şahin Mustafayevin nazirliyinin hazırladığı 2014-2018-ci illərə yönəlik yeni regional Dövlət Proqramında İsmət Abbasovun nazirliyinin iştirak payı heç də həlledici olmayacaq. Daha da konkretləşdirsək: bəziləri bunu Mustafayevin Abbasovu həmin Dövlət Proqramından kənar saxlamaq istəməsinə ilk cəhd kimi dəyərləndirirlər.
Qeyd edək ki, ölkə mətbuatı son vaxtlar kənd təsərrüfatı nazirini kəskin tənqid edir, eyni zamanda bildirilir ki, İsmət Abbasov artıq hökumət daxilində əvvəlki kimi dəstəklənmir, artıq onun əvvəlki təsir imkanları yoxdur, üstəlik, qarşıdan gələn prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumət kabinetində indiki kənd təsərrüfatı nazirinin yerinin təminat altında olmadığı da vurğulanır. Təxminən 10 gün əvvəl rəsmi dövlət qəzetində İsmət Abbasovun təşəbbüsü və birbaşa nəzarəti ilə keçirilən kənd təsərrüfatı yarmarkalarının sərt dildə tənqid edilməsi də aqrar sektorun "şef"inə iqtidar daxilindən xəbərdarlıq mesajı kimi qəbul olunur.
Bunun ardınca Şahin Mustafayevin nazirliyinin tədbirinə orada müzakirə edilən məsələlərin bir çoxuna birbaşa dəxli olduğu halda İsmət Abbasovun nazirliyindən qatılanların olmaması da ikincinin hakimiyyət daxilindəki durumunun ürəkaçan olmadığına dair KİV-də səsləndirilən çoxsaylı fikir və mülahizələrdə həqiqət payının çox olduğu qənaətini möhkəmlədir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55