İşğaldan azad edilən Hadrut qəsəbəsində xidmət edən Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu Prezident İlham Əliyevə müraciət edib.
"Unikal" həmin müraciəti təqdim edir:
Cənab Ali Baş Komandan, inanın ki, məcburiyyət qarşısında qaldığım üçün bu müraciəti edirəm.
4 (dörd) ildən çoxdur böhtan atıldığı üçün başıma gətirilən oyunları bacardığım ən qısa şəkildə, dəyərli vaxtınızı çox almayaraq, sizin diqqətinizə çatdırmaq istəyirəm.
Mən, polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu 1984-cü ilin yanvar ayının 26-da Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşam. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qarabağlar kənd Ə. İmanov adına 2 saylı orta məktəbinə daxil olub, 2001-ci ilə qədər həmin məktəbdə təhsil almışam.
2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2005-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirmişəm.
23 iyun 2005-ci ildən 16 iyun 2006-cı il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit-ixtisas kursunda “dinləyici” vəzifəsində xidmət etmişəm.
16 iyun 2006-cı ildən 21 avqust 2006-cı ilədək N saylı hərbi hissənin 4-cü dağatıcı taborunda taqım komandiri vəzifəsində xidmət etmişəm.
21 avqust 2006-cı ildən 24 noyabr 2006-cı ilədək Xüsusi Təyinatlı Qüvvələr kursuna qatılaraq oranı müvəffəqiyyətlə bitirmişəm.
31 dekabr 2006-cı ildən 03 dekabr 2011-ci ilədək Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandirinin müavini vəzifəsində xidmət etmişəm.
03 dekabr 2011-ci ildən 29 mart 2014-cü ilədək Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsində xidmət etmişəm.
29 mart 2014-cü ildən 12 iyun 2015-ci ilədək Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmət etmişəm.
12 iyun 2015-ci ildən 01 avqust 2016-cı ilədək N saylı hərbi hissənin 3-cü motoatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsində xidmət etmişəm.
01 avqust 2016-cı ildən 07 fevral 2018-ci ilədək N saylı hərbi hissənin snayper bölüyünü yaratmış və bölük komandiri vəzifəsində xidmət etmişəm.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2008-ci il tarixli 058t nömrəli əmri ilə “AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 90 illiyi YUBİLEY” medalı ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2012-ci il tarixli 0064t nömrəli əmri ilə “QÜSURSÜZ XİDMƏTƏ GÖRƏ” 3-cü dərəcəli medalı ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli 0097t nömrəli əmri ilə “AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 95 illiyi YUBİLEY” medalı ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli 0118t nömrəli əmri ilə “QÜSURSÜZ XİDMƏTƏ GÖRƏ” 2-ci dərəcəli medalı ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli 163t nömrəli əmri ilə “AZƏRBAYCAN ORDUSUNUN 100 illiyi YUBİLEY” medalı ilə təltif olunmuşam.
Şəhid ailələrinə və qazilərə göstərdiyim xidmətlərə görə, Azərbaycan QMƏVŞAİB-ni İdarə heyətinin 15 may 2019-cu il tarixli 06 nömrəli qərarına əsasən “FƏDAİ” medalı ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli 097t nömrəli əmri ilə “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” 3-CÜ dərəcəli medalı ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi İştirakçısı” medalı ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2023-cü il tarixli 0101t nömrəli əmri ilə “QÜSURSÜZ XİDMƏTƏ GÖRƏ” 1-ci dərəcəli medalı ilə təltif olunmuşam.
Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakım nəzərə alınaraq 30.09.2021-ci il tarixində N saylı hərbi hissə komandiri cənab general-leytenant Mayis Bərxudarov tərəfindən “Şuşa uğrunda”, “Cəbrayıl”, “Xocavənd”, “Füzuli” rayonlarının azad edilməsi, “Cəsur döyüşçü”, “İgidliyə görə” medallarına və “Rəşadət ordeni”nə layiq görülmüşəm. Bununla bağlı müvafiq sənədlər Azərbaycan Respublikasının Müdafiə nazirliyinə göndərilməsi üçün hazırlanmış və N saylı hərbi hissəyə təqdim edilmişdir. Lakin uzun müddət təltif olunacağımı gözləsəm də, mənə atılan bu böhtana və şərlənmələrə görə bu günə qədər “Müharibə iştirakçısı” medalı xaric, heç bir medal və ordenlə təltif edilməmişəm.
Cənab Ali baş Komandan, Sizin irəli əmrinizlə 44 günlük Vətən müharibəsində iştirak etdiyim zaman hərbi hissəmlə Lələ-illah dağının qarşısındakı düşmən qüvvələrini məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolum Cəbrayıl, Hadrut, Füzuli və Şuşayadək uzanıb.
Əks hücum əməliyyatının başlanması ilə hərbi hissə 27.09.2020-ci il tarixində Lələ-illah dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərində olan və ermənilər üçün xüsusi əhəmiyyətli sayılan “qırmızı manqa” adlandırılan düşmən mövqeyini itki vermədən darmadağın edərək azad etmişəm. Hücumu davam etdirərək düşmənin 30 illik cəbhəsini Azərbaycan Ordusunda ilk dəfə mənim rəhbərlik etdiyim bölməm ilə yararaq keçmiş, Cəbrayıla gedən yolun xarabalığa qədər olan hissəsini düşməndən təmizləyərək nəzarətə götürmüşəm. Arazqırağında mühasirəyə düşən 1-ci bölük komandiri baş leytenant Hüseynov Əfşan və iki yaralısına kömək etmək üçün 1 km-ə yaxın minalı ərazini öndə özüm keçərək ayaq izi ilə şəxsi heyyətimi aparmış, yolda Arazqırağından irəliləməli olan, lakin komandiri ağır yaralı olduğu üçün hücumu dayanan N saylı hərbi hissənin bir taborunu düşmənin atəşi altından xilas etmiş, şəhid və tabor komandiri daxil olmaqla yaralılarını təxliyyə etdirmişəm.Həmin taborun sağ qalanlarına başçılıq edərək öz heyyətim ilə birlikdə Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm.
29.09.2020-ci il tarixində yenidən bütün güc və qüvvə vasitələrdən istifadə edərək itirdiyi mövqeləri və Lələ-illah dağını almağa çalışan düşmənin əks hücumlarını artileriya bölmələrinə verdiyim dəqiq koordinantlar, eləcədə həmin bölmələrin dəqiq atəşləri nəticəsində 40 döyüşçü ilə düşmənə 200-dən artıq itki verdirərək geri çəkilməyə məcbur etmişəm. Düşmənin diversiya qrupu məndən sağ istiqamətdə olan N saylı hərbi hissənin arxasına keçərək diversiya fəaliyyəti həyata keçirtməyə və ya onlardan əsir götürməyə çalışırdı. Düşmənin diversiya qrupunu aşkara çıxarıb məhv etmiş, düşmənin diversiya fəaliyyətini həyata keçirtməsinə və bizlərdən əsir götürməsinə izin verməmişəm.
30.09.2020-ci il tarixində yenidən bütün güc və qüvvə vasitələrdən istifadə edərək itirdiyi mövqeləri və Lələ-illah dağını almağa çalışan düşmənin əks hücumlarını itki verdirərək geri oturtmuşam. Düşmənin Cəbrayıl yaxınlığında yerləşən iki qrad batareyasınının yerlərini təyin edib, koordinantlarını artilleriya, aviasiya bölmələrinə, yuxarı qərargaha ötürdükdən sonra yanmalarını təsdiqləyici fakt kimi məhv edilmələrinə nail oldum. Həmçinin Arazqırağı bir düşmən mövqeyini öz gücümüz sayəsində darmadağın edərək azad etdik.
02.10.2020-ci il tarixində kənd Horadiz və Nüzgar kəndi istiqamətində digər hərbi hissələrimizin hərəkətini altı gün ərzində məhdudlaşdıran düşmənin mövqelərini şəhid Milli Qəhrəman polkovnik Şükür Həmidovun sərəncamında üç düşmən mövqeyini və səngərlərini bir günə darmadağın edərək bölmələrimizin dərinliyə irəliləməsinə şərait yaratdıq. Hücum zamanı düşmənin pusqusuna düşən N saylı hərbi hissənin köməyinə bizim hərbi hissənin 2-ci bölüyünü göndərmişdim. Həmin hərbi hissənin bir qrupunu pusqudan xilas edərək, şəhid və yaralılarını təxliyyə etdirərək, düşmənin fikrini öz üzərimə çəkərək Artilleriya və Aviasiyanın atəşlərindən faydalanaraq N saylı hərbi hissənin yerdə qalan qruplarının pusqudan çıxmasına nail oldum. Məlumat üçün bildirirəm ki, Vətən Müharibəsi Qəhrəmanı(ölümündən sonra) adına layiq görülən N saylı hərbi hissənin tabor komandiri polkovnik-leytenant Orxan Əkbərov daxil bir neçə döyüşçüsü şəhid olmuş, bir qisim hərbi qulluqçu isə agır yaralanmışdı. Aldığımız mövqeləri N saylı hərbi hissənin şəxsi heyyətinə təhvil verərək Xüsusi Təyinatlı bölmə ilə hücumu davam etdirdik.
02-03.10.2020-ci il tarixində hərbi hissəm ilə Mehdili, Horovlu, Şeybey, Quycaq, Daşkəsən, Balyand kəndləri istiqamətində irəliləyərək axtarış, düşməndən təmizləmə, kəşfiyyat fəaliyyətləri icra etmiş və həmin kəndlərin işğaldan azad olunması uğrunda döyüşmüşəm.
04-07.10.2020-ci il tarixlərində şəhid Milli Qəhrəman polkovnik Şükür Həmidovun sərəncamında hərbi hissə ilə birlikdə Cəbrayıl rayonunun isğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm.
08.10.2020-ci il tarixində Daşkəsən yüksəkliyindən Hadrut istiqamətində irəliləyən hərbi hissəmiz ilə birlikdə Balyand, Süleymanlı kəndlərinin isğaldan azad olunması uğrunda döyüşlərdə birbaşa iştirak etmişəm.
09.10.2020-ci il tarixlərində Hadrut istiqamətində irəliləyərək Hadrut yolunun bağlanması tapşırığı ilə Hadrutun işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm. Hadrut dağlarında digər hərbi hissələrin Xüsusi Təyinatlıları ilə birgə fəaliyyət göstərən hərbi hissəmiz Qarazıllı kəndinin isğaldan azad olunması uğrunda döyüşüb, azad etdikdən sonra həmin kənddə mövqelənib, Hadruta girən dağ yollarını bağlamışıq. Hərbi hissənin digər qrupları isə Daşkəsən, Süleymanlı, Balyand istiqamətində hərəkət edərək mühüm yüksəklikləri ələ keçirmişdi. Fizulidən Hadrut istiqamətində düşmənin əks hücumunun qarşısını alaraq hücum edən 67 düşmən əsgərini məhv edərək 1 KAMAZ, 1 URAL ve 1 QAZ markalı avtomobillərini qənimət olaraq ələ keçirmişdim. Düşmənin arxasına keçərək Qarakollu, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar, Yuxarı və Aşağı Rafadanlı və digər kəndlərini və o cümlədən Şabandağ və digər yüksəklikləri şəxsən öz hərbi hissəmizlə birgə düşməndən təmizləyərək azad etmişik. Davam edərək Cəbrayıl-Fizuli, Cəbrayıl-Hadrut, Hadrut-Fizuli yolunu tam nəzarətə götürərək düşmənin bu istiqamətlərdə nəqliyyat yollarını bağlayaraq, hərəkətini tamamilə məhdudlaşdırmışıq.
22-26.10.2020-ci il tarixlərində Füzuli rayonunun Kürdlər,Gecəgözlü, Ayıbasan, Seyidəhmədli kəndlərini işğaldan azad olunmasında iştirak etmişəm.
27.10-05.11.2020-ci il tarixlərində şəxsi heyyətimlə birlikdə Xocavənd rayonununTuğ, Meçtağlar kəndindən keçməklə Şuşa istiqamətində, meşə və dağ yollarından hərəkət edərək Çanaxçı, Dəmirçilər kəndinin düşməndən təmizlənməsində iştirak etmişəm.
05-08.11.2020-ci il tarixlərində Siqnax kəndinin sağında, Şuşakənd istiqamətində bir neçə yüksəkliklərin ələ keçirilməsi uğrunda döyüşməklə, düşmənin diqqətini hərbi hissəmlə birlikdə öz üzərimizə çəkərək Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya girmələrinə şərait yaratmışıq. Yüksəkliklərin alınması zamanı düşmən mərmisi nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və qadağan olunmuş fosfor mərmisinin atılması ilə yaranan yanıqlar alaraq döyüşçülərim tərəfindən döyüş sahəsindən çıxarılıb 09 noyabr 2020-ci il hospitala təxliyyə edilmişəm.
Hospitala qəbul edildiyim gün travmalı halda Bakı şəhər prokurorluğunun əməkdaşı tərəfindən Hospitaldan aldadılaraq Hərbi prokurorluğa gətirilmişəm.Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları mənim xəstəliyimdən istifadə edərək qarşıma sənəd qoyaraq dedilər ki, bunu imzala ,səni polis nəzarətində hospitala göndərək . Əslində isə 2017-ci ildə baş verən cinayət işini qabağıma qoyaraq imzalatmaq istəyiblər. Xatırladım ki, kəskin yaddaş itkisi yaşayırdım. Onların nə istədiyini anlamayan mən heç nəyə qol çəkməyəcəyimi , hospitala göndərilməyimi istədim. Edilən təzyiqlərə baxmayaraq imza atmadığımı görən, adı çəkilən şəxslər mənə dedilər ki, biz sənə yaxşılıq edirik, gəl qol çək, əks halda səni” vətən xaini “ kimi ,”döyüşdən qaçmış fərari” kimi göstərəcəyik. Qol çəksən kömək edəcəyik, 3-4 ilə də azadlığa çıxacaqsan. Mən isə döyüşcü və vətənpərvər olduğumu, döyüş yolumu araşdırsanız kim olduğumu ,necə döyüşdüyümü öyrənə biləcəyinizi bildirdim. 2017-ci ildəki hansısa cinayət işində də özümü təqsirkar bilmədiyimi, əksinə onların hansı quruma, hansı dövlətə xidmət etdiklərini bilmədiyimi anlatdım. Elə həmin gün, yəni 09 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmranovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparıldım. Bakı Hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə məhkəmə keçirildi. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev mənə guya dövlət tərəfindən təyin olunmuş vəkil kimi çıxış etdi. Yaralı döyüşçünü tutan iki polis əməkdaşı xaric, məhkəmədə iştirak edən hər kəsin yalanlarla dolu olduğunu gördüm. Belə ki hərbi prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən 09 noyabr 2020-ci il tarixdə 2017-ci ilin cinayət işinə -3(üç) il bundan öncəki işə görə hospitala yenicə qəbul edilmiş döyüşçünüzə 4 (dörd) aylıq həbs qətimkan tədbiri verildi. Həbsetmənin əvvəli 09 noyabr 2020-ci il tarixdən hesablanmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirildim. Bir müddət sonra həbs qətimkan tədbiri haqqında qərara baxmağım üçün təcridxanadakı otağa çağırıldım. Hakim Rafiq Abbasovun saxtakar olduğunuda orada gördüm. Belə ki məhkəmə protokollarında saxtalaşdırma edərək mənim özümü təqsirkar bildiyimi yazdırmışdı. Göründüyü kimi Azərbaycanın ali orqanı Hərbi məhkəmədə Hərbi prokurorluğun təsiri altında qeyri-obyektiv qərarlar çıxarır.
Həmin vaxt təqsirli olmadığım 2017-ci ilin cinayət işində suçlandırıldım. Xatırladım ki, həmin cinayət işi məhkəmə tərəfindən araşdırılıb və 2017-ci ildə 3 nəfər barəsində hökm çıxarılıb. Həmin 3 nəfərdən biri olan Ənvərli Turanın mesajla yazışmasında şəxsi necə öldürdüyü və öldürən şəxslərin kimlər olduğu yazılıb. Buna baxmayaraq hər il nəsə etməyə çalışılır, bizə yalan ifadələr, yalan şahidlər, təzyiqlər, yalan məktublarla yenidən iş açılır, kiçik balıqla böyük balıq tutulmağa çalışılır. Kiçik balıq tutularaq böyük balıq şantajmı olunur? Bilmirəm. Hərbi prokurorluğun müavini ədliyyə general-mayoru İmranov Şəfahət Aydın oğlu, İstintaq idarəsinin rəisi ədliyyə polkovniki Əhmədov Bəhruz Vidadi oğlu, İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları qanunsuz olaraq vəzifə səlahiyyətlərini aşaraq, sifarişlə məni şərləməyə çalışdılar.
12.02.2021-ci il tarixində həyat yoldaşım, Sizə və Birinci Vitse Prezident Mehriban xanıma müraciət etmişdi. Müraciətində mənim Hospitaldan aldadılaraq Hərbi prokurorluğa aparıldığımı, oradan da böhtan atılaraq günahsız saxlanıldığımı bildirmiş və sizlərdən bu işi şəxsi nəzarətinizə götürməyinizi rica etmişdir.
Ailəm Sizə və Birinci Vitse Prezident Mehriban xanıma məktub yazmazdan öncə, dəfələrlə bu məsələni araşdırmaq məqsədi ilə hərbi prokurorluğun məmurları ilə və mənim ilə əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb. Həmin məmurların vəzifə özbaşınalığı, vətəndaş məmur məfhumunu pozaraq uzurpasiya nümayiş etdiriblər. Onlar hərbi prokurorluğun binasında hətta kiçik rütbəli məmurla da görüşməyə cəhd etsələr də buna nail olmayıblar. Mənim tutulduğum gün isə görüşdə onları aldadıb başlarını qatmağa çalışıblar ki, gedin hospitalda olacaq. Mən isə ailəmə heç bir xəbər verə bilmirdim. Kürdəxanı təcridxanasında ailəm ilə görüş və telefon danışıq hüququ hərbi prokurorluq tərəfindən əlimdən alındığı üçün artıq bir neçə ay ailəm məndən xəbərsiz olub. Yalnız özümə qəsd edəcəyimi bildirdikdən sonra ailəmə harada olduğum xəbər verilib. Buna baxmayaraq bundan sonra da ailəm ilə telefon danışığı və görüş üçün şərait yaradılmadı. Vəkilim iki dəfə vəsatət versə də, vəsatətim sizə müraciət olunana qədər təmin olunmadı və təhlükəli dustaq kimi məhkəmə zalında belə övladlarımla görüşməyə şərait yaradılmadı.
Müraciətin nəticəsi olaraq 18.02.2021-ci il tarixində mənim işim nəzarətə götürülmüş, həyat yoldaşım prokurorluğa dəvət olunmuşdu. Hərbi prokururluğun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmişdi. Burada müavin ədliyyə general-mayoru İmranov Şəfahət Aydın oğlu yoldaşıma bildirmişdir ki, Ziya Kazımovu qorumaq məqsədilə tutmuşuq, İstintaq idarəsinin rəisi ədliyyə polkovniki Əhmədov Bəhruz Vidadi oğlu isə Ziya Kazımovu tutmaqda səbəb kimi” minalanmış ərazilərə salınaraq şəhid ediləcəyini və ya öldürüləcəyini, ehtimal etdiklərinə görə saxladıqlarını» bildirmişlər, bununla da özlərinin günahsız olduqlarını sübut etməyə çalışmışlar. Söz vermişdilər ki, Ziya Kazımovla bağlı məsələ rəhbərliyin nəzarətinə götürülüb və obyektiv araşdırılacaq.
Cənab Prezident və Birinci Vitse Prezidentimizin Azərbaycanda şəhid ailələrinə, qazilərə və vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğısının təzahürü olaraq Vətən Müharibəsinin iştirakçısı, mən mayor Ziya Kazımov 25.02.2021-ci il tarixində ev dustaqlığına buraxıldım.
Ev dustaqlığında olduğum zaman hərbi prokurorluq məndən döyüş yolum və bu iş üzrə izahat götürdü. Bir heyyətlə döyüş yolum incələndi. Dediyim yerlər və faktları vəkilimizlə birlikdə gələn əməkdaşa təqdim etdik. Cəbrayıldan Şuşaya qədər bütün keçdiyim yerlərə baxıldı. Mənim dediklərimin doğru olduğunu həmin əməkdaş öz gözləri ilə gördü və məruzə etdi.
Ev dustaqlığımın vaxtı bitdikdən sonra, mən yenədə səngərə döndüm. Sonrakı xidmət müddətində Hadrutdakı komando hərbi hissəsinin bütün şəxsi heyyətini digər hərbi hissələrdən seçib hərbi hissənin təməlini yaratdım. Həmin şəxsi heyətlə özüm daxil komando kursu keçdim.
Siz açılış edərkən qarşınızda komando taborumla önünüzdə sırada dayanaraq, Sizi qarşılamaq şərəfinə nail oldum.
Hazırda Komando taborunda xidmət edirəm. Baxmayaraq ki, bütün komando briqadalarında olan ən təcrübəli və ixtisaslı zabitəm, hər kəsdən çox kurs keçmişəm, hər kəsdən də çox nailiyyətim var. Bu şər-böhtana görə rütbə, vəzifə, haqqım olan medalları belə ala bilməmişəm.
Hazırda N saylı komando hərbi hissəsində tabor komandiri olaraq xidmətdəyəm. Heç vaxt pula görə xidmət etməmişəm. 22 ildir xidmət edirəm. Ailəm, şərəfim və adımdan başqa heç nəyim yoxdur. Və heç nə mənim Vətənə olan sədaqət və sevgimi öldürə bilməz.
Lakin düzgün bir AZƏRBAYCAN zabiti olaraq xidmət etməyimə imkan verilmir, Cənab Ali Baş Komandan.
2020-ci ildən bəri məruz qaldığım, iştirakçısı olmadığım və günahım olmayan cinayət işinə görə şərlənməyim bir tərəfə, bir başa cinayətin iştirakçısı və təqsirləndirilən şəxs kimi cəmiyyətə təqdim edilirəm.
2021-ci il yenidən Tərtər hadisləri ilə bağlı mən Baş Prokurorluğa çağırıldım. Dedilər ki, bəs yeni istintaq qrupu yaradılıb. İstintaq İdarəsinin rəis müavini birgə istintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Qasım Məmmədov qəbul etdi. Suallardan bəlli oldu ki, Tərtər hadisələrinə cəlb etmək istəyirlər. Mən Tərtərdə ümumiyyətlə xidmət etməmişəm. Heç ezamiyyətə belə göndərilməmişəm.
2017-ci ildə Beyləqanda baş verən hadisənin mənə aidiyyatı olmadığını, haqqımda olan ifadələrin Hərbi prokurorluğun müavini ədliyyə general-mayoru İmranov Şəfahət Aydın oğlu, İstintaq idarəsinin rəisi ədliyyə polkovniki Əhmədov Bəhruz Vidadi oğlu, İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalovun göstərişi ilə, İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə mayoru Ceyhun Hüseynovun saxtalaşdırdığını, böhtan atıldığını və bu cinayət işində iştirak etmədiyimi qeyd etmişəm. Bu işə görə Sizə və Mehriban xanıma müraciətimizdən sonra göstərişinizlə haqlı olaraq azadlığa buraxıldığımı dəfələrlə qeyd etsəm də, nəticəsiz qalıb. Ədliyyə müşaviri Qasım Məmmədov Sizin verdiyiniz göstərişə əhəmiyyət verməyərək, məni şahid qismindən çıxardaraq sonradan məhkəməyə təqsirləndirilən şəxs qismində adımı verib.
İlk dovrdə məhkəmənin ədalətli və qərəzsiz keçiriləcəyinə prokurorun 12 il 6 ay cəza istədiyi günə kimi inanırdım. Amma bu gün məhkəmənin ədalətinə ümidim tamamilə kəsilib. Keçirilən məhkəmə prosesi kamera vasitəsilə çəkilsə də, ədliyyə müşaviri Mehrəliyev Vüsal Bəhram oğlu 4 aylıq məhkəməyə, zərərçəkmişlərin, şahidlərin ifadələrinə, 6 vəkilin çıxışlarına baxmadan hərbi prokurorluqda və baş prokurorluqda saxtalaşdırılmış ifadələri oxuyaraq mənə qərəzli olaraq 12 il 6 ay cəza istədi. Düşünürəm ki, mənim bu məhkəmədə iştirak etməyim sadəcə prinsip və sifariş məsələsinə çevirilib. Yəni Hərbi Prokurorluq və Baş prokurorluq məni tutmaqla öz prinsiplərini həyata keçirəcəklərini və dediklərini edəcəklərini göstərirlər. Sizə və Mehriban xanıma müraciətimizdən sonra göstərişinizlə haqlı olaraq azadlığa buraxılmağım nəzərə alınmır.
Bu prosesi nəzarətə götürməyinizə baxmayaraq, Sizi aldadaraq, hərbi prokurorluqdakı ilk saxta halı ilə davam edirlər. Hərbi prokurorluqda 2017-ci ildə olan cinayəti saxta ifadələrlə zəncirvari olaraq elə düzüb-qoşublar ki, boşluq buraxmasınlar.
İş yenilənəndə Baş prokurorluqda yeni yaranan qrupda həmin saxta ifadələri götürdü. Şəxşləri məcbur edərək, təzyiq altında o ifadələr təzədən imzaladaraq məhkəməyə təqdim edildi.
Məhkəmədə iştirak edənlərin əksəriyyəti ifadələrin məcburi təzyiq altında yazıldığını məhkəməyə öz ifadələrində dəfələrlə deyiblər. Lakin məhkəmə zərərçəkmişlərin belə, nə tələblərinə, nə də ifadələrinə baxır, nə də etiraz edir. Bu qədər saxtakarlıqdan sonra bir qalır məhkəmənin hərbi və baş prokurorluğun təzyiqi ilə qərəzli qərarverməsinə. Bütün bu yazdığım məlumatları zərərçəkmişlər, şahidlər və videoçəkilişlərlə sübut edəbilər.
Cənab Ali Baş Komandan, əgər mənim azacıq belə günahım olsa idi inanın ki, Sizə müraciət etməzdim. Mənə kəsilən iş ilə razılaşardım. Mən demirəm ki, günahkaram və mənim bağışlanmağım üçün kömək edin. Mən günahsızam, məhkəmədə mənə şər atılır.
Cənab Prezident! Yuxarıda da qeyd etdiyim kimi mən özümü təqsirkar hesab etmirəm və bunu məhkəmədə sübut edirəm.
Belə ki, Sumqayıt Məhkəmə kompleksində keçirilən 62 zərərəkmiş, 35 şahid və 4 təqsirləndirilən şəxslərin ifadələri ilə günahsız olduğumu məhkəmə istintaqında sübut edərək bəraət verilməsini gözlədim. Amma məhkəmənin istintaqının bitməsi ilə ədliyyə müşaviri Mehrəliyev Vüsal Bəhram oğlu mənə qərəzli olaraq 12 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasını məhkəmədən istədi. Özü də prokuror qeyd edir ki, çox saylı zərərçəkmiş və şahid ifadələri ilə günahım sübuta yetirilir. Toplamda 101 nəfər, zərərçəkmiş,şahid və təqsirləndirilən var. Onlardan yalnız üçü -1 zərərçəkmiş, 1 şahid və 1 təqsirləndirilən şəxs əleyhimə danışıb. Həmin zərərçəkmişin, şahidin və təqsirləndirilən şəxslərin yalan danışdığı digər zərərçəkmişlərin, şahidlərin və təqsirləndirilən şəxslərin ifadəsi ilə, telefon əhatə dairəsi ilə, telefon danışıqları və mesajları ilə sübut edilir. Və bütün bu sadaladıqlarım məhkəmə zalında olan kameralar vasitəsilə çəkilib.
Mən sizə Hərbi və Baş Prokurorluq tərəfindən sifarişli, qərəzli və haqsız yerə barmaqlıqlar arxasına yox, səngərə getməyimə, dəmir yumruğunuzun qalxması ilə onun bir parçası olmağıma köməklik etməyiniz üçün müraciət edirəm. Mənim barəmdə ədalətli hökm verilməsi üçün məhkəməyə göstəriş verməyinizi xahiş edirəm.
Müraciətimin əvvəlində qeyd etdiyim kimi uzun müddət ordumuzun sıralarında qüsursuz xidmətimlə hər zaman qürur duymuşam. 44 günlük Vətən Müharibəsində məhz Sizin rəhbərliyiniz altında həyata keçirilən hərbi əməliyyatlarda iştirakım həyatımın ən şərəfli səhifələridir deyə düşünürəm. Sizin əmrinizlə 53 şəhidimin qanı bahasına qazandığımız Zəfər bayramını, nə ailəm, nə də mən qeyd edə bildim. O anı yaşamaq mənə nəsib olmayıb. Mənə atılan bu böhtanların bu məhkəmə ilə bitəcəyinə inanıram. Sizdən xahiş edirəm ki, mənə bu işdə köməklik göstərəsiniz, haqsız olaraq cəzalandırılmağıma imkan verməyəsiniz. Müraciətimi Ümummilli Lider Heydər Əliyevin bu sözləri ilə tamamlamaqla daxilən buna inandığımı vurğulamaq istəyirəm ki, Siz də mərhum atanız kimi daim ədalətin zəfər çalmasının tərəfdarısınız.
“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” - Heydər Əliyev
Cənab Prezident, müraciətimin sonunda Vətənimizi parçalanıb məhv olmaq təhlükəsindən qurtaran, müstəqil dövlət olmasını təmin edən Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan Sizə, can sağlığı, yeni-yeni uğurlar, qələbələr arzulayıram.
Hörmətlə,
Ziya Məhəddin oğlu Kazımov