Azərbaycan-Kanada Parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.
Ünikal" xəbər verir ki, bəyanatda deyilir:
"Biz Azərbaycan-Kanada Parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, Kanada Parlamentində Qondarma “Kanada-Artsax Dostluq Qrupunun” verdiyi sonuncu bəyanatla bağlı öz dərin hiddətimizi bildiririk.
Kanada Parlementində qondarma qrup tərəfindən verilən bəyanat Azərbaycanın suveren hüquqlarına açıq- aşkar hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.
Təəssüf doğuran başqa bir məqam da budur ki, bu bəyanat Kanada Parlamentində yaradılmış və mövcud olmayan qondarma qurumun “Dostluq Qrupu” adından verilmişdir.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Qarabağ regionundakı etnik erməniləri girovluqda saxlayan separatçı ünsürlər və onları dəstəkləyən revanşist qüvvələr, həmçinin Ermənistan və onların havadarları bu səyləri pozmaq üçün gecə- gündüz çalışırlar.
Azərbaycan Qarabağda yaşayan etnik ermənilərlə müzakirələr aparmaq, eləcə də həmin erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını asanlaşdırmaq üçün xüsusi nümayəndə təyin etmişdir. O cümlədən, Azərbaycan prezidenti cənab İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin mədəni, dini, təhsil və bələdiyyə hüquqlarının qorunacağına zəmanət vermişdir.
Təssüflə qeyd etmək istərdik ki, Qarabağ bölgəsindəki separatçı rejim Azərbaycanın təkliflərinə məhəl qoymur hətta bu təkliflərin reallaşmasına — Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən göndərilən ərzaq yardımlarının etnik ermənilərə çatdırılmasına mane olmaq üçün Ağdam- Xankəndi yolunu bağlamışdır.
Azərbaycanın açıq şəkildə irəli sürdüyü təkliflərdən biri də odur ki, Ağdam- Xankəndi yolu açıldığı təqdirdə, Laçın yolu da işlək vəziyyətə salınacaqdır. Bu təklif təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq tərəfdaşlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərçivəsində keçirilən son müzakirələrdə də təsdiqlənmişdir.
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma separatçı rejim Ermənistanın Azərbaycanın suveren ərazilərini işğalını və etnik təmizləməsini ört- basdır etmək üçün istifadə edilən və hal- hazırda Ermənistan tərəfindən dəstəklənən bir alətdir.
Kanada Parlamentində verilən bu kimi bəyanat bir yana qalsın, ümumiyyətlə, Kanada Parlamentində belə bir qrupun olması, Kanadanın xarici siyasəti, beynəlxalq hüququn norma və prinsiplərində tutduğu mövqeyinə ziddir və biz də bunu doğru hesab etmirik.
Kanada Parlamenti Ermənistanın bu cür təxribat xarakterli bəyanatlarına qarşı ayıq olmalı, regionda sülh prosesini, həmçinin parlamentlərimiz arasında dostluq münasibətlərinin qorunması üçün öz mövqeyini açıq şəkildə bildirməli və Parlamentdə münasibətlərimizə xələl gətirən addımların atılmasına yol verməməlidir.