"Ağdam-Xankəndi yolu vasitəsilə Rusiya Qırmızı Xaç Komitəsinə aid humanitar yükün Azərbaycanla razılaşdırılaraq Xankəndinə keçid etməsi sözümüzün gücünü göstərir".
Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. Milli Məclisin üzvü Ermənistanın Laçın yolu qarşısında humanitar yardım şousu yaratdığı ilk gündən qeyd etdiyini bildirib:
"Humanitar yüklər ancaq Azərbaycanla razılaşdırılmaqla Ağdam yolu vasitəsilə sərbəst keçid edə bilər. Amma separatçılar Ermənistanın tapşırığı ilə Ağdam-Əsgəran yolunu bağlayaraq bu yolla heç bir yükün keçidinə icazə verməyəcklərini deyirdilər. Bu gün bu yolla humanitar yükün Xankəndinə keçidini təmin etməklə Azərbaycan öz sözünün sahibi olduğunu bir daha təsdiq etdi. Regionun gündəliyini Azərbaycan müəyyənləşdirir. Hansısa güclərin dəstəyi ilə Ermənistan mövqe üstünlüyünə nail olmaq istəyirsə, bu onların boşuna cəhdidir. Laçın yolu ilə keçidlərin baş verməsi də Azərbaycanla razılaşdırılmaqla sərhəd və gömrük qaydalarına riayət olunmaqla təmin oluna bilər. Amma Azərbaycan özünün daxili yol infrastrukturunu Qarabağın erməni sakinlərinin üzünə açır və onları reinteqrasiya olunmasına dəvət edir".
Deputat qeyd edib ki, rəsmi Bakı RQXC-nin yükünün göndərilməsi ilə yanaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yükün də Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasında israrlıdır:
"Ümumiyyətlə, Qarabağın erməni sakinləri yaşadığı ərazilər Azərbaycanın suverən əraziləri olduğundan bura aparılacaq bütün yüklər ölkəmizin qanunlarına əsasən reallaşcaq. Amma kimlərsə separatçılara dəstək verməklə onları ümüdləndirmək istəyirlərsə, bu, mənasız və mümkünsüzdür. Qarabağda separatçı rejimin ömrünün sonu yaxınlaşır. Qarabağdakı erməninlər gec-tez Bakı ilə dialoqa hazır olduğunu bildirəcəklər və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağın alternativi olmadığını qəbul edəcəklər".
Anar Kəlbiyev