"Abşeron yarımadasından kənarda yerləşən bir neçə seçki dairəsi ləğv edilir, onların məntəqələri qonşu dairələrə verilir. Əvəzində, əsasən Abşeron yarımadasında yeni dairələr yaradılır. Tezliklə baş verəcək bu yerdəyişmə ölkə daxilindəki əhali köçü ilə bağlıdır".
"Unikal" xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov "Facebook" hesabında yazıb.
O bildirib ki, Şəkidə 114 saylı dairə, Lənkəranda 76 saylı dairə, Cəlilabadda 69 saylı dairə və başqaları ləğv olunur, əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılır:
"Deputatların ümumi sayına bu dəyişiklik təsir etmir. Deputat sayı ayrı mövzudur. Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi.
Daxili köçün nəzərə alınması MSK-nın doğru addımıdır. Amma bu işdə şəffaflığı artırmaq çox önəmlidir. Hələlik, MSK-nın planı haqqında çox dumanlı təsəvvürümüz var, halbuki MSK bu işi cari inzibatçılıq məqsədi ilə deyil, seçkidə rəqabət aparan partiyalara bərabər şərait yaratmaqdan ötrü yerinə yetirməlidir.
MSK partiyalar üçün bir mövzuda ən qısa zamanda bir toplantı təşkil eləsə, çox doğru addım olar", - deyə partiya sədri qeyd edib.